:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Onlar İlhamə Quliyevaya pulqabı kimi baxırdılar" - Qalmaqallı MÜSAHİBƏ

Font

Xalq artisti İlhamə Quliyevanın vəfatından iki aydan artıq vaxt keçsə də, sənətkarın adı ətrafında söz-söhbətlər, dedi-qodular səngimək bilmir. 

Aydındır ki, ortada yetərincə sanballı mirasdan söhbət gedir. Quliyevanın vəkili Elmira Məmmədovanın bir müddət öncəki "2 milyon manatlıq miras" açıqlaması isə sözün əsl mənasında bomba effekti verdi. Hər halda, ortada məşhur bir sənətkardan və onun böyük mirasından söhbət gedir. Maraqlıdır, bu miras kimə qalmalıdır, kimlər arasında bölünməlidir və ümumiyyətlə bölünməlidirmi?

Doğrudanmı İlhamə Quliyevanın ölümündə keçmiş köməkçisinin də əli olub? Gerçəkdənmi oğulluğa götürdüyü Orxan Nadirov İlhamə Quliyevanı aldadırmış?

Modern.az-ın məlumatına görə, tanınmış müğənni Əli Mirəliyevin qızı, İlhamə Quliyevanın dayısı nəvəsi və ən əsası son günlərdə sənətkarın yanında olan şəxs-Samirə Mirəliyeva ölkə.az-ın bu və digər suallarını cavablandırıb.

- Samirə xanım, əvvəlcə ondan başlayaq ki, İlhamə Quliyeva dünyasını dəyişəndən sonra təzadlı informasiyalar yayıldı. Bir neçə dəfə mən də sizinlə əlaqə saxladım, amma danışmaq istəmədiniz. Nə baş verdi ki, birdən-birə bu mövzu haqda danışmağa ehtiyac duydunuz və bizimlə əlaqə saxladınız?

- Anam mənə dedi ki, qohumuq, yaxşı deyil, öldü, Allah rəhmət eləsin.

- İlhamə xanım ananızın dayısı qızıdır...

- Yox, bibisi qızıdır. Anam onun dayısı qızıdır. Bu ailədə çox söz-söhbətlər olub və mən bunların şahidi olmuşam. Bunlar adi söz-söhbətlər deyildi. Çünki mən uzun illər fasilələrlə onun yanında olmuşam.

- Yanında olmuşam deyərkən?

- Ona baxmışam, əziyyətini çəkmişəm. Halal xoşu olsun. Onun ayaqlarında problem var idi. Əvvəlcə bir ayağında yaralar əmələ gəldi, sonra ikinci ayağı da çürüməyə başladı. Çətin, dərin yaralar olduğundan hər gün o yaraları mən sarıyırdım.

- Bu nə vaxta qədər davam elədi? Çünki eyni işi-yəni İlhamə xanımın yaralarını sarımağı keçmiş köməkçisi Mehriban Hüseynova da edirdi.

- Müəyyən fasilələr olub. Biz 2010-cu ildən başlamışdıq. Sonra bir müddət Mehriban onun yanında oldu.

- Deməli, Mehriban Hüseynovanın dedikləri yalan deyil.

- Bəli, yalan deyil. Amma axırıncı dəfə İlhamə xanım Neftçilər Xəstəxanasında müalicə alanda belə qərara gəldik ki, onu bununla tək buraxmayaq.

- Mehriban Hüseynova ilə?

- Yox, onda Mehribanı tutmuşdular. Mən Orxanı, Vüqarı nəzərdə tuturam. Bu adamlar elə bil ki, onu bloklamışdılar. 2015-ci ilin yayında (həmin söhbətdən çəkilmiş foto yazının altında-red.) bizə gəlmişdilər. İlhamə xanımın yanında Mehriban Hüseynova, Vüqar Bəkirov, özünə vəkil deyən Elmira Məmmədova bizə gəlmişdilər. Elmira Məmmədova bizə Vüqarın xalası kimi gəlmişdi. İlhamə xanım atamdan imdad istəyirdi, deyirdi ki, kömək edin, arxamda bir kişi yoxdur.

- Nə barədə kömək?

- Deyirdi, bunlar nəsə istəyirlər, amma başa düşmürəm.

- Yəni kimlər?

- O vaxt Orxan guya kimdənsə borc pul almışdı.

- Deyirdi ki, məni Orxanın, Vüqarın əlindən qurtarın?

- Yox, o sonra oldu. Sən Vüqar Bəkirovdan bu haqda müsahibə götürmüsən. Ona görə nə demək istədiyimi başa düşəcəksən. Deməli, Vüqar İlhamə xanımın etibarını qazanıb, deyib ki, kömək edin, əgər məni tutsalar, Orxan da gedəcək. Orxan da tutulsa, siz şou biznesdə biabır olacaqsınız. İlhamə xanım soruşdu ki, nə baş verib? Vüqar dedi ki, kimdənsə 50 min, kimdənsə 60 min pul almışıq, özüm də hansısa konsert təşkil edən şirkətin prezidentiyəm. Vüqarın danışdıqlarını deyirəm.

- Yəni bu söhbət sizin evdə olub...

- Bəli, bağda. Həmin söhbətdən foto da var, sizə təqdim edəcəyəm.

- Orxan Nadirov da orada idi?

- Xeyr, Orxan hələ yoxdur. Vüqar elə təqdim edir ki, guya Orxanla düşməndirlər. Deyir, Orxan məni pis vəziyyətdə qoyub, ailəm dağılır, borclarım var, məni tuturlar.

- Vüqar mənə müsahibəsində eyni fikirləri səsləndirmişdi.

- Mehriban da Vüqarın yanındadır, çox canfəşanlıq edir, sanki onu qorumağa çalışır. Atam da, mən də qulaq asırıq, amma heç nə başa düşmürük. Bircə onu bilirik ki, burda nəsə xoşagəlməz bir şey var. Mən başladım Orxanı müdafiə etməyə. Dedim, əgər Orxan burada yoxdursa, niyə onun haqqında pis danışırsan? Bəlkə bu heç belə adam deyil. Mən də "mama Elya"ya dedim ki, bəlkə heç belə şey yoxdur.

- "Mama Elya"- yəni İlhamə xanım?

- Bəli, mən ona belə deyirdim. O da dedi ki, sən bilmirsən, bunlar düz danışırlar. İkinci dəfə Vüqar, Mehriban və adını bilmədiyim bir qadın gəlmişdi. Elmira Məmmədova da İlhamə xanıma deyər ki, qırx min manat lazımdır, bu qovluqdakı işi bağlayım.

- Yəni Vüqarla Orxana açılmış işi?

- Bəli. Yəni pul vermək lazımdır ki, iş bağlansın. Soruşdum ki, sən bunlara pul vermisən? Əli ilə işarə edərək göstərdi ki, on min vermişəm.

- Kimə?

- Vüqara. Orada atam, həyat yoldaşım, qayınım və digər adamlar var idi. Bunlar Orxanın dayısı Elxangilə də gedib, orada bu cür şou göstəriblər.

- Söhbət Orxanın doğma dayısından gedir.

- Bəli. Onu da aldadıblar, pis-pis nalayiq söhbətlər gedib.

- Orxanın İlhamə xanımın bioloji övladı olmadığı məlumdur. Bəs onların qohumluqları hansı formada idi?

- Mən İlhamə xanımın dayısının, Orxan isə xalasının nəvəsidir. Ölməmişdən az əvvəl İlhamə xanım dayımla belə danışmışdı ki, efirə çıxıb Orxandan imtina edəcəkdi. Bu söhbət dayımla ediləndə mən və İlhamə xanımın köməkçisi Fatma eşidib. Çünki bezmişdi, deyirdi ki, rahat yaşaya bilmirəm.

- Səbəb?

- Bildiklərimi deyəcəyəm, çünki əzab çəkirəm, o yoxdur, mən də susuram. Anam israrla xahiş etdi ki, danışma, amma danışacağam. Orxanın qohumları orada özlərini elə apardılar ki, biz olduq qonaq. O, hələ yayda Orxandan imtina etmək istəyirdi. Atam da dedi ki, sən rahat yaşamaq istəyirsənsə, bu addımı atmalısan, eləmirsənsə, nə bizim başımızı, nə də öz başını ağrıtma.

- Amma İlhamə xanım müsahibələrinin birində bildirmişdi ki, qızıllarımın bir hissəsini nəvəm Ruslana bağışlayacağam. Daha doğrusu, onun həyat yoldaşına...

- Beş dəqiqə belə deyirdi, beş dəqiqə sonra elə deyirdi.

- Bəlkə elə imtina etmək istədiyini də hirslənib deyirmiş, fikri yox imiş.

- O, ümumiyyətlə uşaqları çox istəyirdi. Ruslana hədiyyə edə bilərdi, amma Orxandan çox incimişdi. O biri fikrimi tamamlamadım.

- Buyurun...

- Günlərin birində eşitdik ki, Mehribanı tutublar. Soruşduq ki, nə baş verir? Dedi ki, Orxanla Vüqar Mehribana tələ qurublar.



- Belə çıxır ki, Mehriban Hüseynova da Orxan və Vüqarla əlbir imiş? Bir az ətraflı izah edin...

- Mehriban Vüqarla əlbir idi, amma bilmirdi ki, bu işlərin başında Orxan durub. Mehriban İlhamə xanıma çox yaxşı baxırdı və onu zəhərləməyib. Vüqar ona bildirmişdi ki, özünə bir vərəsə kağızı düzəlt, sabah sənə də nəsə qalsın. Mehriban bir dənə o kağıza görə getdi.

- Əgər Mehriban bilmirdisə ki, Vüqarı Orxan öyrədib, siz haradan bildiniz?

- Mən Neftçilər Xəstəxanasına gələndə hiss elədim. Mehriban isə bu məsələdə qurbandır, nəfsinin, tamahının qurbanı. Xəstəxanadan çıxandan sonra dedi ki, səninlə rahatam, məni tək qoyma. Məndən sonra da dayım-Eldar müəllim gəldi. Artıq bizim İlhamə xanımın yanında olmağımız onlara-Vüqarla Orxana sərf etmədi. Vüqar sonra getdi həbsxanaya düşdü.

- Vüqar Bəkirov indi də həbsxanadadır...

- Deyilənə görə, guya çıxacaq. Yadındadırsa, bir dəfə xəbər yayılmışdı ki, Orxanı hava limanında saxlayıblar. Biz İlhamə xanımla sənə zəng vurduq. Əvvəlcə mənimlə, sonra İlhamə xanımla danışdın.

- Bəli, yadımdadır.

- O söhbət doğrudan da var idi. Orxanla Vüqarı saxlamışdılar və ölkədən çıxmamaları haqqında izahat almışdılar. O qərar indi də qüvvədədir.

- Səbəb nə imiş?

- Mən də bilmirdim, İlhamə xanım da. Hərə bir söz deyirdi.

- Bir müddət Orxanla İlhamə xanımın münasibətləri gərginləşmişdi. Vüqar Bəkirov mənə müsahibəsində bütün bunların səbəbkarı kimi Mehriban Hüseynovanı göstərmişdi. Siz ailəyə yaxın bir adam kimi necə düşünürsünüz, əsl səbəb nə idi?

- Çünki Orxan və onun dostları İlhamə xanıma böyük bank kartı və pulqabı kimi baxırdılar. Həmişə bir ssenari fikirləşirdilər ki, ondan pul qoparsınlar. Sən Orxan çıxıb ATV-də absurd şeylər danışırsan. Deyirsən ki, o evə gəlirəm, orada yaşayıram, o maşını sürürəm. Mənə vəsiyyət etmişdi ki, ölsəm, Arifəni, Laləni ölümün üstünə buraxma.

- Bu şəxslər kimlərdir?

- Arifə Orxanın həyat yoldaşı, Lalə isə Orxanın doğma anası. On beş ildir ki, İlhamə xanım Laləni evinə buraxmır.

- Bəs düşmən idisə, niyə onun övladını evində saxlayırdı?

- Evində saxlamırdı, uşaqlıqda şou xatirinə çəkilişə aparıb şou xatirinə oğlu kimi təqdim edirdi. Hətta xanımın "İfiniti" maşınını sürməyə Orxanın sürüş etibarnaməsi də yoxdur. Niyə? Nə üçün İlhamə xanımın evinin açarını mən sənə verdim? Bəs necə orda yaşamısan ki, açarları sənə mən verirəm?

- Əgər Orxanın anası ilə münasibətlər qaydasında deyildisə, Orxanın ona pulqabı kimi baxdığını hiss edirdisə, niyə 30 yaşına qədər yanında saxlayırdı?

- O, Orxanı götürməmişdi. Orxan indiyə qədər anasının, atasının yanında yaşayıb, mənim qızım gedib-gəldiyi kimi hərdənbir o da gedib-gəlirdi. Şou xatirinə ona oğlum deyirdi.

- Bəs niyə başqasına demirdi?

- Ona toy elədi. Birinci toy qohumlar arasında oldu, ikincisini də İlhamə xanım elədi. Çünki səhvi edib Orxana oğlum demişdi və el xatirinə etməliydi. Son vaxtlar Arifə ilə də münasibətlər pis idi. Beş-altı fotonu qoyub, orada bayraq etməklə deyil. Təsəvvür edin ki, vəfat edən gün bu adamlar mənə irad tutub deyirlər ki, sən niyə birinci bura gəlmisən?

- Sizin yanınızda canını tapşırdı?

- Yox, mən Mərdəkandan gəlincə keçinmişdi.

- Necə öldüyü, son sözü haqda nəsə bilirsiz?

- Həmin gün Eldar dayım İsveçdən gəlməliydi. Köməkçisi mənə danışır ki, dedi, Fatma, aş dəmlə, Eldar gələcək. Eldar dayıma çox inanırdı.

- Eldar dayınızın uşağı var?

- Bəli.

- Bəs belədirsə, niyə onun övladını götürüb saxlamırdı. Hər halda bilir ki, Eldar dayınızın övladı da ona yaxşı olacaq. Həm də ortada siz dediyiniz kimi düşmənçilik yoxdur.

- İzah edim də. Tükəzban bibi Orxangili himayəsinə götürmüşdü, çünki çox kasıb idilər. Sonra da özlərini orada necə lazımdırsa, yerləşdirdilər, həmçinin də Orxanı. Bunu İlhamə xanım özü də deyirdi. 
Axırıncı dəfə Firuzə İbadova zəng elədi ki, Orxanla Vüqara yeddi min manat pul vermişəm.

- Niyə?

- Guya qızını işə düzəldəcəklər, bir də evinin kupça məsələsini həll edəcəklər. İlhamə xanım da dedi ki, ay Firuzə, sən niyə onlara pul vermisən, dələduzdurlar. O da çox pis vəziyyətə düşdü, dedi ki, sənin oğlundur, inandım... Bu günə kimi də Firuzə xanıma 4500 manat borcludurlar. Hətta ölən günü dedim ki, gəlin Firuzə xalaya nəysə verək, banka borcunu ödəsin. Etiraz elədilər ki, niyə veririk ki?

- Firuzə xanımla çox yaxın idilər?

- Bəli.

- Ölümündən danışırdıq.

- Son günlər səhhəti ağırlaşmışdı, gecələr qışqırırdı ki, ana, gəlirəm yanına. Belə şeylər hətta günortalar da olurdu. Əsəbləşirdi, köməkçisinə qışqırırdı, sonra deyirdi ki, məni bağışlayın, canım ağrıyır. Dura, gəzə bilmirdi. Onun efir qarşısında bir-iki dəqiqə durub danışması sonra bizə çox baha başa gəlirdi. Onun ayağına iynə batırırdım ki, görüm hissiyatı var, yox idi, ayaqları çürüyürdü, əli şişmişdi, böyrəyinin biri işləmirdi, şəkəri, təzyiqi çox yüksək idi.

- İlhamə xanım sənətkar ailəsində böyüyüb, hər halda maddi sıxıntı görməyib, yaxşı şəraitdə yaşayıb.

- Yaxşı gün görsə də, övlad sarıdan çətinliyi var idi.

- Dediniz ki, sayıqlayırdı...

- Sayıqlamaları olurdu, görürdük ki, çox əziyyət çəkir. Fevralın 25-də dayımın gəlişinə plov dəmləmək istəyəndə, köməkçisi bunu qaldırıb. Elə bu məqamda başlayıb qışqırmağa-ay, ay ay... Həmin an gözləri çevrilib. Tez Neftçilər Xəstəxanasına zəng vurub həkim çağırıblar. Amma gec imiş.

- Son sözü nə olub?

- El...el...el... deyib. Yəqin ki, Eldar demək istəyirmiş. Bir də son anında gözü ilə Fatmaya zinət əşyaları olan yeri göstərmişdi. Mən içəri girəndə ağzında sarı köpük, sağ qolu da qapqara idi. Nə edəcəyimi bilmirdim. Bizdən qırx dəqiqə sonra Orxan gəldi. Orxan onun telefonuna zəng vuranda vəziyyəti dedim. Dedi, sən nə danışırsan, dəli olmusan? Dedim, vallah belədir. Sonra Orxanın anası gəldi. Bu, artıq başqa kinodur. Sən bu evin ünvanını tanımırsan, səni bu evə buraxmırlar, mənə də vəsiyyət ediblər ki, yasa yaxın buraxmayım. Hələ gəlib mənə irad tutursan ki, niyə birinci gəlmisən? Bəs bunu ayağı neçə illərdi çürüyür, anası sizə uzun müddət çörək verib. Niyə bir dəfə gəlib baxmamısan bu adama? Ölümündən on gün əvvəl İlhamə xanım Orxanın anasına zəng vurub dedi ki, Lalə, səni də həbs edəcəklər, oğlunu da. Çünki ömrü boyu istəmisiniz ki, mən ölüm, malıma-mülkümə sahib çıxasınız.

- Həmin vaxt özü başa düşmüşdü ki, keçmiş köməkçisi günahsızdır?

- Xeyr, o elə başa düşmüşdü ki, onlar hamısı günahkardır. Mehribanın günahı tamahındadır.

- İlhamə xanımın doğma övladı olub?

- Övladı olmayıb, amma mənim yaşımdan əvvəl Bayıldakı doğum evində yeddi aylıq uşaq dünyaya gətirib. Həmin uşaq da dünyasını dəyişib.

- Vəkil Elmira Məmmədova bildirmişdi ki, İlhamə xanımın 2 milyonluq mirası qalıb. Belə bir təəssürat yaranır ki, həmin mirasın bir qisminə də siz iddialısınız. Belə bir iddianız var?

- Heç bir iddiam yoxdur. Biz istəyirik ki, onun var-dövləti kimsəsizlərə, ehtiyacı olanlara və əsgərlərə qalsın. Mənim də, dayımın da hər şeyimiz var.

- İlhamə xanımın qanuni vərəsəsi kim sayılır?

- Bacıları. Biz də uzaq qohumu kimi pay ola bilərik.

- İstəyərdiniz?

- Mən istəyərdim ki, nə Orxana, nə Arifəyə, nə də Laləyə qalmasın. Onsuz da onlar o var-dövləti yeyə bilməyəcəklər.

- İlhamə xanımın dünyasını dəyişdiyi evdə hazırda kim yaşayır?

- Heç kim yaşamır, açarları cümə axşamlarında bacılarına verirdilər. Sizə bir fakt danışım. İlhamə xanım ölüb, Orxan evə gəlib, qızıllar olan otağın da açarı məndədir. Fatma açarları mənə təhvil verdi, mən də şokda olduğum üçün yoxlamadım. Açarı verdim atama, bu gəlib ki, tez ol, pullar hanı, mən ölümü basdırmalıyam, o hanı, bu hanı? Nə qır-qızıl var idisə, hamısını verdim ona. Dedi ki, girov qoyub pul götürüm.

- Nə qədər olardı?

- Dəqiq bilmirəm, amma xeyli var idi.

- Evdə nağd pul yox idi?

- Var idi.

- Bəs niyə qızılları girov qoysun?

- Sonradan seyfdən beş min dollara yaxın pul çıxdı.

- Deyəsən bankda da pullar var idi.

- Bəli, mən bilən 300 min bankda pulu var idi. Bir də evdə olan pula ölümündən üç gün əvvəl prodüser Tolikin ad günü üçün 2-3 paltar almışdı, hərəsinə 1000-1200 vermişdi. Elə bilirdi ki, öləcək, hamısını xərcləmişdi.

- Yas xərclərini kim ödədi?

- Dövlət ödədi.

- Orxana verdiyiniz qızıllar indi ondadır?

- Dayım o qızılların bir qismini götürdü. Gördüm ki, bir az sonra gəlib maşının texniki pasportunu axtarır. Maşını meyit morqa aparılmamışdan əvvəl gedib götürmüşdü. Atam dedi ki, bu basabasda necə gedib maşını götürüb? Dedim ki, xəbərim yoxdur. Guya öz maşını xarab olub. Axı bu nə dərəcədə doğrudur? Bunlar deyir ki, guya mən "gəlin nə varsa stola qoyub bölək" demişəm.

- Kim deyir bunu?

- Orxanın anası mənim anama deyib. Bilirdim ki, belə söhbətlər olacaq. Dedim ki, nəyi varsa, qoyun stola, hamınız görün. Bunu deməyə haqqım var idi. Çünki onun yanında olmuşam, baxmışam.

- Sizə vəsiyyət etmişdi ki, filan şeyi də sənə verirəm?

- Xeyr, o elə bilirdi ki, 90 il yaşayacaq.

- Bəs yanında qaldığınız vaxtlarda sizə maddi köməyi dəyirdi?

- Ehtiyacım yoxdur. Ona "mama" deyirdim, danışırdıq, deyib-gülürdük, küsüb-inciyirdik. Yəni ana-övlad kimi idik. Mən ayağını sarıyıb gedəndə köməkçisinə deyirdi ki, evin qapısını bağlama, Samirə liftə minsin, sonra.

- Bir çox sənətçilərin fəxri ad almağında İlhamə xanımın rolu olmuşdu. Əli müəllim də sənətdə də xidməti var, təcrübəsi də yetərincədir. Nə əcəb indiyədək atanızın əməkdar artist fəxri adı alması üçün harasa müraciət etməmişdi?

- Etmişdi.

- Ola bilməz ki, cəhd edəydi və alınmayaydı.

- Atam istəmirdi. Özün atamı tanıyırsan. Xalq bilir ki, atam necə ürəyi təmiz insandır. İlhamə xanım da onu qiymətləndirirdi. Deyirdi ki, Əli həmişə mənim arxamda dayanacaq.

- Son olaraq...

- İstəyirəm hamı bilsin ki, bu mübarizəni başqa məqsədlə başlamamışam. Çıxıb şou qururlar ki, guya bunları yaşamağa qoymuruq. Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Orxan yaxşı adam idisə, niyə adı həmişə narkotik, kriminal məsələlərdə hallanır? Mən Bakı Musiqi Akademiyasını bitirmişəm, müəllim adamam, heç nəyə də ehtiyacımız yoxdur. Mənəvi borcumuz odur ki, qoy kimsəsiz uşaqlar onun malını, pulunu xərcləsinlər.

- Elmira xanım bildirmişdi ki, onun iki milyon mirası qalıb. Doğrudanmı belə idi?

- Biz bilmirik Elmira xanım onu necə sayıb, halbuki qohumuyuq. Bilirdik ki, Zaqulbada hökumət bağı var idi, o da özünün sayılmır. Albalılıqda 25 sot dədə-baba torpağı var, Tükəzban xanımdan qalıb. Bir də "Hyatt Regency" tərəfdə evi var idi və öz yaşadığı mənzil. Bankda üç yüz min pul, bir "BMW limuzin", o da heç yerindən tərpənmir, "İnfiniti" maşını və qırqızılı. Bütün bunlar iki milyon eləməz. Albalılıqdakı yer 40-50 min eləsin, evi də olsun 300 min, 300 min də bankda. Bir milyon olardı. Qırqızılından da xəbərim yoxdur, deyə bilmərəm. Mən onu deyə bilərəm ki, onlar gecə ilə köməkçini qovub açarları dəyişdilər. Amma bu onlarda alınmayacaq.

- Dedikləriniz yetərincə səs-küyə səbəb olacaq fikirlərdir. Qarşı tərəfin gətirəcəyi arqumentlərə cavabınız var?

- Mənim bir arqumentim var. Ölənə kimi ona təmənnasız baxmışam. Həkimləri də bilir ki, İlhamə xanıma sadiq olmuşam. Bunların isə biri həbsdə, o biri gah tutulur, gah çıxır. Mən onu bilirəm ki, ssenari, tələ quran yaxşı insan ola bilməz. Yalandan çıxıb ağlamaq lazım deyil ki, mən təkəm filan. Mən öz sözümü dedim və inanıran ki, onun ruhu şad olacaq. Qalan məsələlərə isə rəsmi orqanlar baxır.