:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Minsk qrupunun ilk həmsədri: “Ermənilər məni atəşə tutdular”

Font

Tanınmış diplomat, ATƏT-in Minsk Qrupunun ilk rusiyalı həmsədri, 1992-1996-cı illərdə Ruisiya prezidentinin Dağlıq Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirov 90-cı illərdə Qarabağ münaqişəsinin gedişatı və danışıqlar prosesi barədə maraqlı detallar açıqlayıb.

Modern.az saytı xəbər verir ki, "Moskovskiy Komsomolets” qəzetinə müsahibə verən Kazimirov ermənilərin ona atəş açmasından da danışıb

"Məni Azərbaycanın düşməni hesab etməyin. Ermənilərlə çox amansız qarşıdurmalarım olub. Hətta bir dəfə mənə atəş də açmışdılar.

1993-cü ilin noyabrında mən bizim yenilənmiş sülh razılaşmasını regiona gətirirdim. Əvvəl Bakını, sonra Yerevanı və Stepanakerti (Xankəndi-red.) ziyarət etməli idim. Bakıya gəldim, fikirləşdim ki, 2 günə işlərimi bitirərəm. Lakin məndən xahiş etdilər ki, biraz da qalım və nəticədə 1 həftəni orada qaldım.

Sonra qrafikim dəyişdi. Bakıdan Yerevana birbaşa uçmaq isə mümkün deyildi. Yenidən Moskvaya qayıtmaq və təzədən Yerevana uçmaq lazım idi. Onda mən Heydər Əliyevə təklif etdim ki, vaxtı qısaltmaq üçün icazə verin mən təmas xəttindən keçim. Mənə avtomobil ayırdılar. Təmas xəttinə çatanda artıq hava qaralmışdı. Azərbaycanlılar irəli getməkdən imtina etdilər və mən gecəni onlarla keçirməli oldum.

Səhərçağı azərbaycanlılar dedilər ki, təmas xəttini başqa istiqamətdə keçəcəklər. Telefon olmadığı üçün Yerevana zəng edərək azərbaycanlıların tam nəzarəti altında olduğumu deyə bilmirdim. Sən demə, bizim keçdiyimiz ərazidə döyüşlər olmuşdu və dağılmış Azərbaycan kəndləri var idi. Ermənilər isə mənim həmin kəndləri görməyimi istəmirdilər və oradan təmas xəttini keçməyimə etiraz edirdilər. Buna baxmayaraq, biz oradan keçmək qərarı aldıq. Əraziyə yaxınlaşanda azərbaycanlı batalyon komandiri dedi ki, ermənilərlə razılıq əldə etmək üçün ora JEEP maşını göndərəcək. Durmuşuq, birdən gördük atəş açıldı.

Əvvəl avtomat, sonra isə minomyot atəşləri... Ermənilər həmin JEEP-i vurdular. Biz təpənin arxasında idik deyə, xəsarət almadıq. O vaxt böyük qalmaqal olmuşdu, xarici işlər naziri Andrey Kozırev hətta mətbuat konfransı keçirmişdi”.

Diplomat müsahibəsinin başqa yerində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyi üçün 5-ci qətnaməni qəbul etməkdən vaz keçdiyini vurğulayıb.

"Təhlükəsizlik Şurasının hər 4 qətnaməsi devalvasiyaya uğramışdı. Şura 5-ci qətnaməni qəbul etmək istəmirdi, çünki bu, onun avtoritetinə zərbə olardı. Məhz bu səbəbdən sülh danışıqları üzərində iş apararkən Təhlükəsizlik Şurasının qətnamələrini əsas götürmürdük. Biz özümüzə başqa əsas qurmağa məcbur idik”.