:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

“Özəl televiziyalar istedadsız “oxuyanları” əndazədən kənar reklam etməsə...”

Font

"Əxlaqsız, yaxud cinsi məlum olmayan "kimlərisə” populyarlaşdıranlar ilk növbədə özəl televiziyalardır"

Moderator.az - ın suallarını sənətşünaslıq doktoru, professor İlham Rəhimli cavablandırıb.

- İlham müəllim, incəsənət üzrə ali təhsil alsanız da nədənsə ilk iş yeriniz mətbuat olub. Müxbirlikdən başlayaraq baş redaktorluq vəzifəsinə qədər yüksəlmisiniz. Həmçinin televiziyada bir necə proqramın aparıcı olmusunuz.

- İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsinin son kursunda oxuyanda "Kommunist” (indiki "Xalq qəzeti”) qəzetinə təcrübəyə göndərdilər. 3 ay orada təcrübə keçdim və xeyli yazım dərc olundu. Qəzetin redaktoru Ağababa Rzayevlə ədəbiyyat və incəsənət şöbəsinin müdiri Əfqan Əsgərov institutun rektoruna tələbnamə məktubu yazdılar. Həmin məktuba əsasən təyinatımı ora verdilər. Beləliklə, ədəbiyyat və incəsənət şöbəsində işləməyə başladım. Yazdığım resenziyaların, publisist məqalələrin və hətta felyetonların mövzusu bilavasitə mədəniyyət və incəsənətdən olub. Bəzən sosial mövzulara da toxunmuşam.

- İlham Rəhimlini ölkəmizdəki KİV - lərin hazırkı durumu qane edirmi?

- Qəzetlərin kütləvi surətdə çoxalması jurnalist peşəsinə və qəzetçiliyə ciddi ziyan vurdu. Bununla belə, Azərbaycanda çox istedadlı köşə yazarları yetişdi. Cəsarətlə deyə bilərəm ki, bir neçə qəzetdə, "Kulis” portalında dünya səviyyəsində köşə yazarları var. Yazılarım olanda ya "Kulis”, "Moderator.az”, ya da "Yeni zaman” saytlarına verirəm. Məni müəyyən mənada qane edən bir neçə qəzet də var. Siyasət mövzusunda yazan qələmli, təfəkkürlü peşəkarlar, az da olsa, var. İncəsənət sahəsinə maraq göstərən və fikrimcə, uğur qazanan gənclərimizin yazılarını həvəslə oxuyuram. Siyasətə, elmə, təhsilə, maarifə, iqtisadiyyata aid problemli mövzuların səriştəli ekspertlər tərəfindən təhlili çox gözəll effekt verir.
Qəzetlərin böyük əksəriyyətində xoşuma gəlməyən cəhətlər bunlardır:
Tərif ölçüsü itəndə yaltaqlığa meydan açılır. Tənqiddə yazarın əndazəni aşması riyakarlığa, qərəzə, nifrətə gətirib çıxarır. Faktlara ya yalnız "ağ”, ya da yalnız "qara” eynəklə baxılmanın əleyhinəyəm. Reketçiliyə nifrət edirəm. Azərbaycan dilinin şəhdinə, şirəsinə çox vaxt həssaslıqla əməl olunmur. Hansısa mövzu ilə bağlı ciddi, prinsipial tədqiqat aparmağı bacaran araşdırıcı jurnalist barmaqla sayılan qədər azdır. Özünü "jurnalistəm” adlandırıb rayonlarda obyekt və idarələrə qapı-qapı düşüb pul dilənənlər jurnalistliyin xərçəngidir. Jurnalistikada nəzərə çarpan uğurlar var. Amma və di gəl ki, qəzetçilik mədəniyyəti yox dərəcəsindədir. Halbuki qəzetlərdə hər mövzunun öz səhifəsi, öz yeri, öz şrifti, öz formatı olmalıdır. Qəzetçiliyin qeyri-peşəkarlığının nəticəsidir ki, materiallar səhifələrə yerləşdiriləndə aparıcı məqalələr əksər hallarda "kölgədə” qalır.

- Bu məsələdə başqa qüsurlar da varmı?

- Azərbaycanda ciddi şəkildə şrift problemi mövcuddur. Bir neçəsini sayım. Hərflər arasındakı məsafələr eyni deyil. Kiçik "f” hərfindən sonra kiçik "i” hərfi yazılanda "i” - nin nöqtəsi itir. "F” - dan sonra dırnaq gələndə yarımçıq olur. Kiçik "r” - dan sonra "n” hərfi gələndə onlar bitişir və "m” kimi oxunur. Hərflərin qalınlıqları fərqli ölçülərdədir. Bəzi şriftlərdə böyük hərflə yazılan "Q” hərfinin quyruğu aşağı sətirdəki bir neçə hərfin üstünə düşür. Peşəkar rəssam - qrafiklərə ilk mərhələdə heç olmasa 50 müxtəlif şrift formaları sifariş verilməlidir. Mirzə Fətəli Axundzadə 150 il əvvəl əski əlifbada nöqtələrin əleyhinə çıxmışdı. Amma bizim XXI əsrdəki hərflərimizə nəzər salaq. Nöqtəli hərflər: İ, Ö, Ü, j; quyruqlu hərflər: Q, Ç, Ş; papaqlı hərf: Ğ.
Başqa bir məsələ, Azərbaycan adambaşına düşən mobil telefonların sayına görə dünya üzrə birinci onluqdadır. Amma Azərbaycanda satışa gətirilən mobil telefonlarda Azərbaycan əlifbası yoxdur. Ona görə də telefonla yazılan ismarıclar, xəbərlər, məktublar və digər yazılar eybəcər təsir bağışlayır. Xüsusən özəl televiziyaların mesajla, "SMS”lə bağlı verilişlərində həmin yazıların ekranda lent kimi verilməsi dəhşətli dərəcədə gülüş və ikrah doğurur. Məncə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin bu məsələ ilə bağlı qurumlar ciddi tədbir görməlidirlər. Yaxşı olar ki, "Moderator.az” bu məsələləri ictimailəşdirib geniş müzakirə açsın.

- MTRŞ son zamanlar efiri toyxanaya, meyxanaya, söyüş-təhqir meydanına çevirən proqramları bağlayır və bu günlərdə ANS telekanalının "Hesabat” verilişi də həmin siyahıya düşmüşdü. MTRŞ-nın bu və ya digər qərarlarının qərəzli və ya qərəzsiz olduğu sonadək müəyyənləşdirilmədi...

- Bəzi incə münasibətlərin mahiyyətini dərindən bilmədiyim üçün fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq MTRŞ-in səviyyəsiz, primitiv, düşük, ədəbsiz verilişləri bağlamasını haqlı sayıram. Millətimizin mənəvi-əxlaqi, mədəni səviyyəsi, zövqü heç vaxt səviyyəsiz, primitiv, mənən kasıb "oxuyanların” zövqsüzlüyü, həyasızlığı, ədəbsizliyi ilə ölçülməməlidir. Ara müğənnilərin efirdə meydan sulamalarının, "sponsor” adlandırdıqları məşuqları ilə öyünmələrinin, əlini hamilə qarnına vurub "vaxtı çatanda bu uşağın atasının kimliyin açacam” deməsinin günahı, bəli, məhz günahı (!) özəl televiziyalardadır. Özəl televiziyalar istedadsız "oxuyanları” əndazədən, ədəb-ərkandan kənar reklam etməsə onlar da cəmiyyətdə belə at oynada bilməzlər. Elə bizim özümüzdə də günah var. Professorun bir illik qazancını bir axaşamda (3-4 saatda) hansısa səviyyəsiz, fanoqram ilə "oxuyana” verən elə biz özümüzük. Əxlaqsız, yaxud cinsi məlum olmayan "kimlərisə” populyarlaşdıranlar ilk növbədə özəl televiziyalardır.
Eyni zanmanda onu da qeyd edim ki, özəl televiziyalarda çox maraqlı ictimai-siyasi verilişlər var, müəyyən tematik süjetlər orijinallığı, cazibədarlığı ilə seçilir. Onlar öz fəaliyyətlərini bu istiqamətdə gücləndirsələr nəticəsi uğurlu olar.

- Ali məktəblərimizdəki jurnalistika təhsilinin səviyyəsi imkan verirmi ki, həmin məzunlar birbaşa dünya səviyyəsinə çıxsınlar? Yoxsa mütləq əlavə kurslar, proqramlar lazımdır?

- "Dünya səviyyəsinə çıxsınlar” ifadəsi çox şişirtmə oldu. Əvvəl respublika səviyyəsinə çıxsınlar, sonrasına baxarıq. Jurnalistika fakültəsi olan başqa ali məktəblər haqqında heç nə deyə bilmirəm. Ancaq Bakı Dövlət Universitetində jurnalistikanın bütün incəlikləri tədris edilir. Orada çox səriştəli professor və müəllim heyəti var. Ancaq gəlin unutmayaq ki, dünyanın hər yerində, o cümlədən də BDU-da tələbə hazır mütəxəssis kimi yetişmir. Ali məktəb ixtisasa yol açır, onun istiqamətlərini müəyyənləşdirir, tələbənin qabiliyyət və bacarığını üzə çıxarıb formalaşmaya doğru yönəldir. Bacarığın istedada çevrilməsi, istedadın isə formalaşması təcrübə prosesində reallaşır. Əgər tibb, jurnalist, mühəndis, aktyor... təhsili alan hər 20-30, hətta 40-50 tələbədən biri-ikisi fövqəladə uğur qazanırsa bu, böyük nailiyyətdir. Bu gün Azərbaycan mətbuatında istedadı olub peşəkarlığı olmayan, yaxud peşəkarlığı olub istedadı olmayanlar çoxdur. İstedadlı peşəkarlar isə çox azdır. Bu azlığı çoxaltmağa çalışmaq lazımdır.

- Sizcə Azərbaycanın teatr səhnəsindən gedən sözün əsl mənasında sənətkarları, korifeyləri Coşqunlar, Rafaellər, Elməddinlər, Müşfiqlər, Fərdalar əvəz edə biləcəklərmi?

- Biz aktyor sənətindən söz salanda ilk növbədə teatrın janrını, həmçinin hər kollektivin öz yaradıcılıq yönümünü, xarakterik üslub səciyyəsini unuduruq. Akademik Milli Dram Teatrını Musiqili Teatrla, "Yuğ”u Pantomim teatrı ilə, Kukla teatrını Gənc Tamaşaçılar teatrı ilə... müqayisə etmək olmaz. Eləcə də ümumilikdə dram teatrı ilə estrada teatrı janrlarını və orada çalışan aktyorların ifa tərzini müqayisə etmək düzgün deyil. Bununla belə, təbii ki, bütün sənət ocaqlarında istedad əsas meyar olmalıdır.
Azərbaycanda son 30-35 ildə estrada janrı yarandı. Onun ilklərindən olan Qorxmaz Əlili əsl şoumen idi, estrada teatrının estetikasına yaxşı bələd idi. Təssüflər ki, bu istiqamətdə fəaliyyətini davam etdirmədi. Coşqun, Rafael, Müşfiq, Elməddin, Fərda istedadlı uşaqlardı. Onların fəaliyyətlərinə mütləq estrada janrının estetik prinsipləri ilə yanaşmaq lazımdır. Onda tərifli və ya tənqidi fikirlərimizdə daha obyektiv olarıq.

- Onları peşəkar və istedadlı aktyorlar kimi qiymətləndirirsinizmi?

- Rafael və Coşqun üçün mətnləri Müşfiq yazır. Onun mövzularından eləsi var ki, son dərəcə mənalı və ifadəlidir. Lakin daim bir müəlliflə işləmək, peşəkar estrada rejissorundan imtina etmək "Bizim şəhərdə”ni təkrarçılığa, təəssüf ki, bəzən primitivliyə gətirib çıxarır. Şəxsən mənim hörmət və ehtiram bəslədiyim bu fədakarlar heç olmasa Rusiyanın estrada kollektivlərinin iş prinsiplərindən nümunə götürməlidirlər. Digər estrada aktyorlarına da peşəkarlıqla işləməyi, təkrarçılıqdan və zövqsüzlükdən qaçmağı məsləhət görərdim. Hər bir qrupun müəlliflər birliyi olmalıdır. Həmçinin özlərinə güvənib peşəkar rejissuradan imtina etməməlidirlər. Ən əsası isə, milli karnaval estetikasının prinsip və səciyyələrinin sənət incəliklərini, poetika xüsusiyyətlərini yaradıcılıqlarında ehtiva etməyi bacarmalıdırlar. Unutmamalıdırlar ki, istedad səhnə sənəti üçün əsas olsa da, yeganə amil deyil. Adlarını çəkdiyimiz aktyorlarda müəyyən peşəkarlıq da var, istedad da. Təssüflər olsun ki, onlar əksər hallarda peşəkarlığı ötəri populyarlığa qurban verirlər. Gəlin unutmayaq ki, istedad və peşəkarlığın qurban verildiyi ötəri populyarlıq xam atdır, gec-tez yəhərdəkini yerə çırpacaq. Yerə çırpılandan sonra yenidən ayaq üstə durmağa güman az olur. Fikrimcə, peşəkar sənətçilərlə birlikdə və bu sahələrdə fəaliyyət göstərənlərin iştirakı ilə geniş müzakirələr aparmağa ehtiyac var. Azərbaycanda estrada teatrı janrını inkişaf etdirmək, televiziya ekranı ilə yanaşı, geniş səhnələrə çıxarmaq ancaq və ancaq mədəniyyətimizin xeyrinə olar.

- Sonda mükafatlarınızdan danışmaq istərdim. Əməkdar incəsənət xadimisiniz, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm”, Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş”, "Teatr xadimi” Qızıl medalı, həmçinin "Humay” mükafatlarıı laureatısınız. Bundan sonra hansı mükafatı arzulayırsınız və hansı sahədə?

- Heç vaxt hansısa mükafatı nəzərdə tutub işləmirəm... Yeni yaradıcılığım barədə müəyyən məlumat verə bilərəm. Uzun illərdir Azərbaycan Teatr Ensiklopediyası üzərində işləyirdim. Artıq bitirmişəm, 3 cilddir. Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti ilə çap prosesindədir. Yəqin 10 mart Milli Teatr gününə kimi 1-ci cildi çapdan çıxar. Gəncə, Şəki teatrları, Gənc Tamaşaçılar Teatrı barədə tədqiqatlarım çapa hazırdır. Xalq artistləri Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Kamal Xudaverdiyev haqqında monoqrafiyalar yazmışam. Amma bu kitabları çap etdirməyə maddi imkanım yoxdur. Allah sponsor yetirsə həmin kitablar işıq üzü görə bilər. Rasim Balayevin 60 illiyinə 2007-ci ildə kitab yazmışam... amma və di gəl ki, hələ də işıq üzü görməyib... Ya mədəd, bu kitab aktyorun 70 illiyində işıq üzü görə, ya görməyə...Gəlin unutmayaq ki, Rasim Balayev milli kinomuzun nadir incilərindən biridir...
Qayıdıram sponsor, yəni messenat məsələsinə. Heç uzağa getməyək. Qardaş Türkiyədə halallıqla sərvətə sahib olmuş insanlar "Vəqf”lər açırlar. Həmin vəqflər mədəniyyət, incəsənət, təhsil sahələrinə təmənnasız maddi yardım göstərirlər. Buna görə də xalq həmin adamları, məsələn qoçu, varlı olduğuna görə yox, ilk növbədə bu vətənsevərliyinə görə dəyərləndirib rəğbət bəsləyir. Unutmayaq ki, Azərbaycanın messenatlıq sahəsində 100-110 il əvvəl Hacı Zeynalabdin Tağıyev kimi örnəyi olub...