:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Musa Ağayev: "Əsas şüarım Qarabağla bağlı olacaq"

Font

"Seçicilərin səsini qazanmağa nail olub, etimadlarını doğruldacam”

"Ağdam camaatının içərisindən çıxan bir insan olduğum üçün, onların dərdini, problemlərini çox gözəl bilirəm”

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədliyi qeydə alınanlardan biri də, Ağayev Musa Habil oğludur. Öz təşəbbüsü ilə seçki marafonuna qoşulan Musa Ağayev namizədliyini doğma torpağı olan Ağdamdan irəli sürüb. 118 saylı Ağdam şəhər seçki dairəsindən namizədliyi qeydə alınan Musa Ağayev, seçki platforması ilə bağlı "Şərq”ə danışdı. O bildirdi ki, Ağdam camaatının səsini qazanacağına inanır...

Qeyd edək ki, Musa Ağayev ölkədə fəaliyyət göstərən rusdilli "Novoye Vremya” (Yeni Zaman) qəzetinin təsisçisidir.

M.Ağayev deyib ki, təbliğat kampaniyasını seçicilərlə birbaşa təmas şəklində aparmaq niyyətindədir...

- Üstünlüyü insanlarla görüşməyə verirəm. Bildiyiniz kimi, namizədliyimi Ağdam rayonundan irəli sürmüşəm. Buranın əhalisi də, hazırda məcburi köçkün həyatı yaşayır. Məcburi köçkünlərin olduğu seçki dairələrində təbliğat kampaniyasını aparmaq bir qədər çətindir. O mənada ki, məcburi köçkünlər tam kampakt şəkildə deyillər. Məsələn, mənim namizəd olduğum dairənin seçiciləri Bakının bütün rayonlarında yaşayırlar. Bakının 10 rayonunda və Bərdənin 21 yaşayış məntəqəsində seçicilərim məskunlaşıblar. Bu da bir qədər çətinlik yaradır. Vaxt baxımından, bütün seçicilərlə görüşmək bəzən mümkün olmur. Amma çalışacağam ki, bütün seçicilərimlə təmasda olum. Ən ucqar kəndlərdə də görüşlər keçirib, insanlarla birbaşa təmasda olmaq niyyətim var. Onlara mövqeyimi, platformamı çatdırmağı düşünürəm. Seçicilərimin problemlərini, şikayətlərini dinləyəcəm. Deputat seçilsəm də, seçilməsəm də, o insanların problemlərinin həllinə yardımçı olmağa çalışacam.

- Seçicilərə nə vəd verirsiniz? Platformanız nədən ibarətdi?

- Bu gün bütün Azərbaycan xalqını, o cümlədən də namizəd olduğum dairənin insanlarını düşündürən Ermənistan tərəfindən işğal olunan torpaqların geri qaytarılmasıdır. 23 ildən artıqdır ki, torpaqlarımız işğal altında inləyir. Ağdam da işğalda olduğuna görə, oranın insanlarını düşündürən torpaqlarımızın geri qaytarılmasıdır. Mən dairədən namizədliyimi verəndə, qarşıma çıxan insanlarla söhbət edəndə soruşdular ki, torpaqların geri qaytarılması istiqamətində hansı işləri görəcəksən. Təbii ki, seçicilərimin sosial problemləri, şikayətləri də var. Amma əsas məsələ, onları maraqlandıran işğalda olan torpaqların geri qaytarılmasıdır. Mənim də əsas şüarım Qarabağla bağlı olacaq. Ağdam camaatının içərisindən çıxan bir insan olduğum üçün, onların dərdini, problemlərini çox gözəl bilirəm. 15 ildir ki, Ağdamdan millət vəkili seçilənlər, konkret olaraq 118 saylı dairənin deputatı bir dəfə də olsun parlamentdə Qarabağ məsələsini qaldırmayıb. Bir dəfə Ağdamın, onun əhalisinin vəziyyətindən danışmayıb. Millət vəkili Ağdam camaatını qəbul belə etmək istəmir. İnsanların problemləri olur, gedirlər deputatlarının qəbuluna düşmək istəyirlər. Amma qəbula düşüb, dərdlərini deyə bilmirlər. Mən Ağdam əhalisinin problemlərini parlamentdə qaldıracam, bu problemlərin həllinə səy göstərəcəm. Eyni zamanda işğal faktını beynəlxalq aləm səviyyəsində qaldırmağa qadirəm. Qarşıma məqsəd qoymuşam ki, Ağdamın əsl vəkili olum. Birinci problem yenə də deyirəm, işğal problemidir. Bu problem həll olunarsa, ağdamlıların digər çətinlikləri də həll olunar. Mənim məqsədim də budur. Məni nə deputat maaşı maraqlandırır, nə deputat toxunulmazlığı maraqlandırır. Mən biznesmen deyiləm ki, biznesimi qorumaq üçün deputat toxunulmazlığına can atım. Əsas məsələ budur ki, Ağdam camaatını parlamentdə layiqincə təmsil edim, onların vəkili olaraq, sözlərini Milli Məclis tribunasından səsləndirim.

- O dairədən deputat seçilmək şansınızı necə dəyərləndirirsiz?

- Mən bu dairədən 2005-ci ildə də millət vəkilliyinə namizədliyimi irəli sürmüşdüm. O vaxt müəyyən problemlər ortaya çıxmışdı. Amma düşünürəm ki, bu dəfə həmin problemlər olmayacaq. Seçilmək şansım seçicilərin səsindən asılıdır. Ağdamın ziyalıları, ağsaqqalları belə təşəbbüs göstərdilər ki, mən namizədliyimi irəli sürüm. Mən də onların təşəbbüslərinə arxalanıb seçki marafonuna qoşuldum. Yəqin ki, seçicilərin səsini qazanmağa nail olub, etimadlarını doğruldacam. Kimsə seçkidə doğrudan iştirak edirsə, əvvəlcə öz potensialını qiymətləndirməlidir. Əgər mən potensialımı qiymətləndirməsəydim, gücümə bələd olmasaydım, namizədliyimi irəli sürməzdim. Səs qazanacağıma inandığım üçün, potensialım yüksək olduğu üçün seçkilərdə iştirak qərarı verdim. Elə insanlar var ki, bu dairədən hər seçkidə namizəd olub, amma heç bir uğur qazana bilməyib. Seçicilər bu adamları görmək istəmirlər, amma yenə də namizədliklərini verirlər. Əlbəttə, mən o namizədlərdən deyiləm. Çalışacam ki, seçicilər mənə etimad göstərib səs versinlər.

- Rəqiblərinizlə bağlı nə düşünürsüz?

- Rəqiblərlə bağlı indidən nəsə söyləməyim düz çıxmaz. Onların heç biri ilə yaxından tanışlığım yoxdur. Amma hesab edirəm ki, əksəriyyətini o dairədə insanlar da tanımırlar. Əgər mən onlar kimi olsaydım, namizədliyimi verməzdim. Yəni mənə də insanların münasibəti onlara olan kimi olsaydı, rəğbət bəsləməsəydilər, heç vaxt namizədliyimi irəli sürməzdim.

- Yəqin ki, seçki qərargahınız artıq fəaliyyətə başlayıb. Seçkilər günü müşahidəçi məsələsini həll etmisinizmi? Bütün məntəqələrdə müşahidəçiləriniz olacaqmı?

- Elə bu gün qərargah seçki təbliğatının hansı formada aparılması məsələsinin üzərində çalışır. Eyni zamanda seçkilər günü müşahidəçilərin kimlərdən ibarət olacağını müəyyənləşdiririk. Hesab edirəm ki, namizəd olduğum dairənin bütün məntəqələrində müşahidəçilərimiz olacaq. Çalışacağıq 46 məntəqənin hər birində müşahidə apara bilək. İstəyirik ki, məntəqələrə yerləşdirəcəyimiz müşahidəçilər, seçki prosesini, məcəlləni bilənlər olsun, öz funksiyalarını dərk etsinlər, anlasınlar. Müşahidəçilərin olması, öz funksiyalarını bilmələri ümumilikdə prosesin şəffaf keçməsinə zəmin yaradır.

- Seçkilərin şəffaf keçiriləcəyinə inamınız varmı?

- Bu gün ölkəmizin vəziyyəti, geopolitik durum demokratik seçkinin keçirilməsini tələb edir. Mən inanıram ki, seçkilər şəffaf keçiriləcək. Hələ ki buna inamım var. İnanmasaydım, namizədliyimi irəli sürməzdim. Amma seçkilər günü nə olacaq, onu dəqiq söyləmək çətindir.