:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Elmar Məmmədyarov: “Qarabağ münaqişəsinin həllində başlıca maneə Ermənistan ordusunun Azərbaycan ərazilərində mövcudluğudur”

Font

"Avropa Məhkəməsinin qərarında Ermənistanın işğalçı kimi bir daha tanındığı qeyd edilib"

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində enerji məsələləri üzrə IX Bakı Yay Məktəbinin iştirakçıları üçün mühazirə oxuyub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mühazirə Azərbaycanın xarici və enerji siyasəti ilə bağlı olub.
E. Məmmədyarov ölkəmizin xüsusilə son 10 il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verib.
E. Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli prosesində başlıca maneə olduğunu deyib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdıran E. Məmmədyarov bu mövqenin ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini bildirib. Bu xüsusda, Avropa İnsan Hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərarda Ermənistanın işğalçı tərəf kimi bir daha tanındığı qeyd edilib.
Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq E. Məmmədyarov Bakı-Tiflis-Qars dəmir yol xətti, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin əhəmiyyətini diqqətə çatdırıb, habelə Azərbaycanın zəngin milli təcrübə əsasında qlobal səviyyədə mədəniyyətlər və dinlərarası dialoq prosesinə töhfə verdiyi qeyd edib.
E. Məmmədyarov IX Bakı Yay Məktəbi iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.