:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

ATV-də yayımlandığı deyilən "Qarabağın alınması" xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA (VİDEO)

Font

Ötən gün sosial şəbəkədə yayılan Qarabağın geri qaytarılması ilə bağlı video çarx böyük səs-küyə səbəb olub.
Video çarxda "ATV Xəbər” in aparıcısı Lalə Azərtaşın torpaqlarımızın sülh yolu ilə geri qaytarılmasını elan etməsi əks olunub.

Bəzi informasiya agentlikləri bu video çarxı saytlarında yerləşdirərək "Qarabağın alınması xəbəri Lalə Azərtaşın təqdimatında” , "Qarabağ və 7 rayonumuz alındı - Lalə Azərtaş” və s. başlıqlar qoyaraq, əsil "peşəkarlıq” nümayiş etdiriblər.

Təbii ki, reytinq yığmağın bundan asan yolu ola bilməzdi. Ancaq çox zaman vətənpərvərlikdən, jurnalist etikasından, peşəkarlıqdan danışan bəzi "həmkarların” belə həsas məqamdan istifadə edib, insanların hissləri ilə oynaması sadəcə yüngüllükdür.

Belə ki, aparıcı bu film ilə bağlı hələ 6 ay əvvəl sosial şəbəkələrdə paylaşım edildiyini və ictimaiyyətin belə bir layihədən məlumatlı olduğunu qeyd etmişdi.

Təbii ki, bəzi "jurnalistlər”ə sərf edəni "yazmaq” daha vacib olub.

Biz ATV.az olaraq, bu informasiyanı yanlış təqdim edən və oxucularımızın hissləri ilə oynayan maraqlı şəxslərdən fərqli olaraq, məsələnin əsil mahiyyətini ortaya çıxartdıq.

Buyurun, bu aparıcının sözlərinin çıxardıldığı və yanlış təqdim edildiyi filmin rejissorunun və "Azərbaycanfilm” kinostudiyasının direktorunun düşüncələri...

Görün, mahiyyət hardan - hara və necə dəyişdirilib:

Məsələ ilə bağlı "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ATV.az-a fikirlərini bildirib:

"Azərbaycan Filmdə hər il olduğu kimi bu il də, xaricdə və Azərbaycanda yaşayan gənc rejissorların işləri sınaqdan keçirilir. Onlar qısametrajlı filmlər çəkirlər və Azərbaycanı beynəlxalq aləmdə çox yüksək səviyyədə təmsil edirlər. Filmlərdən də biri rejissor Amil Məmiyevin "Qarabağ” filmidir. Filmdə yaşlı bir insanın arzu, istəkləri, Qarabağla bağlı fikirləri yer alıb . Filmdə Qarabağın alınması xəbəri, Azərbaycan xalqının Qarabağsız yaşaya bilməməsi, torpaqlarımızın sülh yolu ilə alınması müjdəsi xalqımıza çatdırılır. Azərbaycan filminin inkişafında göstərdiyi köməkliyə görə ATV kanalının rəhbərliyinə xüsusi təşəkkür edirik. Hər zaman bizi dəstəkləyirlər, köməkliyini əsirgəmirlər. Bu film zamanı da, ATV kanalı bizə kömək oldu. Amma bəzi şəxslər filmdə tanınmış aparıcı Lalə Azərtaşın torpaqlarımızın alınması ilə bağlı oxuduğu xəbəri kəsib, video şəklində sosial şəbəkədə yayımlayıblar. Xəbər kontekstdən çıxarılıb. Düşünürəm, bu təxribatdı. Dəqiqləşdirilməmiş xəbər yaydıqları üçün bəzi saytları da məhkəməyə verəcəyik. Lalə xanım da dəfələrlə bildirib ki, bu xəbər film üçün çəkilib. Ən yaxşısı, jurnalistlər bunu normal şəkildə yazıb, cəmiyyətdə ixtişaş yaratmazdılar. Bəzi jurnalistlərin qeyri-peşəkarlığının nəticəsidir ki, bu gün insanlar caş-baş qalıblar. Belə həssas məsələlərdən istifadə edib, reytinq yığmaq qeyri-peşəkarlıqdır”.

"Qarabağ” filminin rejissoru Amil Məmiyev isə deyib ki, Qarabağ və məcburi köçkünlər haqqında 15 saniyəlik film çəkilib: "Film tam müsbət məğzli bir filmdir, ancaq bəzi şəxslər bunu başqa cür sırımağa çalışırlar. Mənim "Qarabağ” filmimdən bir kadr götürülüb, həmin hissə sosial şəbəkədə yayılıb və təhrif edilib. Bu zaman müəllif hüququ pozulub. Yaradıcı qrup və mən çalışırıq ki, kim ki, filmimdən o hissəni yayımlayıb, o adamı tapaq, məhkəməyə verək. O gün olsun, həqiqətən də Qarabağımız alınsın, o gözəl xəbəri Lalə xanım bütün Azərbaycana yayımlasın. Lalə xanım o xəbəri rolda olsa belə, göz yaşları içərisində oxudu. İnanın ki, mən sadəcə arzularımı, istəyimi, içimdəki yaranı göstərmişəm. Ancaq fikrimi təhrif ediblər. ATV kanalına çox təşəkkür edirəm ki, bizim kimi gənc rejissorlara belə şərait yaradırlar, köməklik edirlər”.