:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Amerikalı həmsədr: “Sülhün vaxtı yetişməyibmi?”

Font

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin APA-ya müsahibəsi.
- Yanvar ayı ərzində atəşkəs rejiminin pozulması hallarının artması müşahidə olunub. Sizcə, bu, danışıqlar prosesinə necə təsir edir?
- Noyabrın 19-dan sonra biz ümidlənmişdik. Atəşkəs rejiminə dair razılaşmaya hər iki tərəfdən əməl olunurdu, insidentlərin sayı azalmışdı. Biz bunu həvəsləndirici əlamət kimi qəbul edirdik. Biz bilirik ki, atəşkəs məsələsi çox kövrək amildir, bunu ötən həftələr də göstərdi. Biz danışıqlarda irəliləmək istəyərkən, gərginlik faydalı olmur. Tərəflərin etimad göstərdiyinə və irəliləyiş əldə edilməsi üçün atmosferin münbitliyinə əmin olmaq vacibdir. Biz ümid edirik ki, atəşkəs barədə razılaşmaya əməl olunacaq. Xüsusən də nəzərə alınsa ki, bir neçə gündən sonra Olimpiya oyunları başlayır. Mən ümid edirəm ki, tərəflər atəşkəslə bağlı razılaşmaya tam əməl edəcək. Fikrimcə, hazırkı gərginlik doğrudan da danışıqlara mənfi təsir göstərir. Çətinliklərdən biri də odur ki, 20 ildən sonra "nə sülh, nə müharibə” şəraiti davam etməkdədir. Tərəflər bir-birinə etibar etmir. Ona görə də qarşılıqlı etimad mühitinin yaradılması üçün atəşkəs razılaşmasına əməl etmək çox vacibdir. Biz həmsədr kimi buna yardım etməyə çalışırıq. Atəşkəs rejimi çox kövrəkdir. Biz anlayırıq ki, atəşkəs ideal deyil, lakin biz heç bunu axtarmırıq da. Biz hər iki tərəfdən atəşkəs haqda razılaşmaya əməl edilməsinə dair öhdəlikləri görmək istərdik. Həmçinin qoşunların təmas xəttində, həmçinin Ermənistan-Azərbaycan sərhədi boyunca zorakılıq, ölüm və yaralanma hallarının mümkün qədər azalmasını istəyirik.
- Bəzi hallarda danışıqlar prosesi və atəşkəsin pozulması halları birbaşa əlaqələndirilir. Yəni, danışıqlarda müəyyən irəliləyişə ümid yaranan kimi toqquşma halları artır. Bu barədə nə düşünürsünüz?
- Eşitmişəm ki, bu, təsadüfi deyil və bunların arasında müəyyən əlaqə var. Bunu sübut edə bilmərəm. Düşünürəm ki, insidentlərin harada baş verməsindən asılı olmayaraq, bu, kədərləndirici faktdır. Atəşkəs haqda razılaşma var, hər iki tərəf müharibənin davam etdiyini, təmas xəttində hərbi qüvvələr yerləşdirildiyini və bunun təhlükəli vəziyyət olduğunu etiraf edir. Biz istərdik ki, bu məsələ həll olunsun. Münaqişənin dayanıqlı həlli tapılsa, bu, region üçün yeni inkişaf dövrü olacaq. Baxın, son 20 il ərzində bu münaqişəyə nə qədər resurs sərf olunub. Bu resurslar daha yaxşı məqsədlərə - hər iki xalqın rifahına və regionun çiçəklənməsinə sərf oluna bilərdi. Ümid edirəm ki, Azərbaycan və Ermənistan vətəndaşları buna təkcə bir ərazi faktoru kimi yox, gələcək inkişaf məsələsi kimi baxacaq.
- ATƏT sədrinin fəaliyyətdə olan nümayəndəsi Kaspşik sizi təmas xəttində atəşkəsin pozulması hallarının artması haqda məlumatlandırıb. Adətən vasitəçilər bu faktları analiz edirlər. Onlar belə hallarla bağlı tam məlumata malikdirmi?
- Çətinliklərdən biri bu faktları əldə etməkdir. ATƏT cəbhə xəttində monitorinq keçirir. Lakin qurumun əməkdaşlarının sayı qədər də çox deyil və onların ora getmək imkanları çox vaxt məhdud olur. İnsident faktını təsdiqləyən başqa yol da yoxdur. Ona görə də həmsədrə, yaxud da digərinə insidentin necə başladığını söyləmək çətindir. Biz hər iki tərəfdən ölüm və yaralanma halları barədə məlumatlıyıq. Bəzən günahsız mülki əhali də bundan zərər çəkir.
- Hazırda həmsədrlər bölgədədir. Növbəti addımlarınız necə olacaq? Prezidentlərin növbəti görüşü keçiriləcəkmi, yaxud da iş nazirlər səviyyəsində davam etdiriləcək?
- Biz burada prezidentlə görüşdük. İrəvana da gedəcəyik. Prezidentlərin görüşünə gəldikdə, onların özləri belə görüşün baş tutub-tutmayacağı, onun harada keçiriləcəyi ilə bağlı qərar verəcək. Biz hər iki ölkənin prezidentləri, xarici işlər nazirləri ilə işi davam etdirmək, bütün tərəflərlə maraqlı diskussiyalar aparmaq niyyətindəyik. Biz prosesin irəliləməsinə yardım göstərməyə çalışırıq. Hələ İrəvana getməmişik, növbəti addımların nədən ibarət olacağını indidən söyləmək çətindir. Lakin biz dialoqu davam etdirmək niyyətindəyik. 19 noyabr görüşündən sonra prezidentlər sülhün mümkünlüyü və bunun üzərində birgə işləyəcəklərinə dair öhdəliklərini yeniləyiblər. Onlar yenidən görüşmək niyyətində olduqlarını bəyan ediblər. Bu görüşün faydalı olması lazımdır, görüşün tarixi ilə bağlı prezidentlər qərar verməlidirlər. Eyni zamanda ümid edirəm ki, həmsədrlər prosesin irəliləməsi üçün aktiv fəaliyyətini davam etdirəcək, tərəflərlə işləyərək, öz təkliflərini irəli sürəcəklər.
- Xarici işlər nazirlərinin Kiyev və Parisdəki iki görüşü nə dərəcədə uğurlu olub? Azərbaycan XİN başçısı bəyan edib ki, bu görüş əvvəlkilərdən onunla fərqlənir ki, indi konkret məsələlər müzakirə olunur.
- Nazirlər ən mürəkkəb və həssas məsələləri müzakirə edirlər. Hansı məsələlərin müzakirə olunduğunu söyləməyə ehtiyac yoxdur. Lakin bunlar münaqişənin həlledici məsələləridir. Onları müzakirə etmək, irəliyə yol tapmaq heç də asan deyil. Bu danışıqlardır və biz bunun bu və ya digər tərəf üçün qəbulolunmaz kompromis olduğunu görmək istəmirik. Biz hər iki ölkə üçün qələbə, uğur gətirəcək yolu tapmaq istəyirik. Bu, hər iki ölkənin "Bəli, bu, sülh, bizim xalqın çiçəklənməsi üçün yeni dövrə aparan yoldur” deməsinə imkan verəcək yoldur. Bu çətindir, çox çətindir.
Qarabağ münaqişəsinə gəldikdə, son 20 ildə onun həlli tapılmayıb, proses ləngiyir. Sülhü görməyin vaxtı yetişməyibmi? Bu, regionu aşağı dartan lövbərdir və biz bundan qurtulmalıyıq. Regionun haqqı olan sülh və çiçəklənmə üçün imkan yaradılmalıdır.