:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

Rüstəm İbrahimbəyov: "Milli Şuranın qərarı ilə razılaşacam"

Font

"Əgər mən o adamlara nifrət edirəmsə, onlarla bir salonda necə müzakirələr apara bilərəm?”

Tanınmış dramaturq, Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovun "Bizim Yol" qəzetinə müsahibəsi

- Rüstəm bəy, Demokratik Qüvvələrin Milli Şurasında həmsədrlik məsələsi fikir ayrılıqlarına rəvac verib. AXCP və Müsavat məsələyə fərqli yanaşırlar, mən Arzu Səmədbəylinin "Rüstəm İbrahimbəyov həmsədrlikdən getməlidir” başlıqlı açıqlamasını nəzərdə tuturam. Sizin baxışınız necədir?

- Mənim mövqeyim Milli Şuranın mövqeyi olacaq. Şura hansı qərarı qəbul edəcəksə, razılaşacam.

- Əgər fikir ayrılığı yaranıbsa, qərar necə qəbul oluna bilər?

- Onu bilmirəm, Milli Şura özü bu məsələni həll etməlidir. Dəfələrlə demişəm ki, siyasətçi deyiləm, məni siyasətə tarix məcbur edib. Çünki siyasətlə yaxından məşğul olmaq fikrində deyildim. Ancaq elə anlaşılmasın ki, məni kimsə siyasətlə məşğul olmağa məcbur edib. Məni vicdanım və tarix məcbur edib. Ona görə bu məsuliyyəti öz öhdəmə götürdüm. Bəli, mənim ziyalılığımı qabardıb yalnız Ziyalılar Forumuyla məşğul olmağımı deyənlərin fikirlərində həqiqət var. Bu mənada Milli Şura qərara gəlsə ki, indiki vəziyyətdə mən lazım deyiləm, dostum Cəmil Həsənli mənim vəzifəmi öz öhdəsinə götürə bilsə, məmnuniyyətlə istefaya gedərəm. Hələlik bu mənim təklifimdir, bildirmişdim ki, həmsədrlik institutu yaransın və biz Cəmil müəllimlə birgə işləyək. Hətta Cəmil müəllim bu təklifi də qəbul etmirdi, o, mənim rəhbərliyim altında məmnuniyyətlə fəaliyyət göstərmək istəyirdi. Ancaq uzun müddətdir Azərbaycana gələ bilməməyim səbəbindən bir adamın da həmsədr olması təklifini irəli sürdük. Siz bilin ki, mən Cəmil müəllimlə hər gün ünsiyyətdəyəm. Bununla belə Milli Şuranın işlərini operativ həyata keçirtmək üçün Cəmil müəllimin səlahiyyətləri olmalıdır. İş ondadır ki, Cəmil müəllimin statusuna ehtiyac var. Artıq seçkilər başa çatıb və o, 9 oktyabr seçkilərində özünü böyük siyasətçi kimi təsdiqlədi. Mənə elə gəlir ki, Milli Şuranın sədri ziyalı olmalıdır, yəni hansısa partiyaya bağlı olmayan şəxs. Ancaq Cəmil müəllim bu təklifi yalnız mənim də həmsədr olacağım şəkildə qəbul edəcəyini dedi. Əgər səsləndirdiyiniz fikirlər varsa, mən məmnuniyyətlə istefa verərəm, amma Cəmil müəllim Milli Şuranın yeganə sədri olsun. İş ondadır ki, məni sədr seçəndə, təklif məndən olmayıb. Təklif Milli Şuradan olduğu üçün qəbul etmişəm. İndi də bu məsələni Milli Şuranın öhdəsinə verirəm, şuranı hansı qərarı qəbul etsə, məmnuniyyətlə razılaşacam.

- Ancaq müsavatçılar İsa Qəmbərin və Əli Kərimlinin də Cəmil Həsənliylə birgə həmsədr olmasını təklif edirlər. Siz necə düşünürsünüz?

- Yox, razılaşmıram. Bilirsiniz, Milli Şura üzdə olan partiyalara yeni nəfəs verdi, onları diriltdi. İndi bundan sonra həmsədrlik institutu yaradıb partiyaların liderləri də həmsədr olsalar, Milli Şuranı məhv edəcəklər. Bu, çevrilib olacaq İctimai Palata, gördünüz də həmin qurumun nəticəsi nə oldu. Ona görə deyilən təkliflə heç cür razılaşmıram. Amma Milli Şuranın qərarlarını gözləsəm də, öz mövqeyimi ifadə edirəm. Mənə elə gəlir ki, sitat gətirdiyiniz təklif çox mənasız hərəkətlərdən doğur. Yenə deyirəm, Milli Şuranın sədri ziyalılardan biri olmalıdır, son hadisələr göstərdi ki, bu vəzifəyə uyğun şəxsiyyət Cəmil Həsənlidir. Bir daha deyirəm, Cəmil Həsənli olsa, razılaşacam, amma misal gətirdiyiniz təkliflə heç cür qəbul etməyəcəm.

- Sizə elə gəlmir ki, Cəmil müəllim sədr kimi qalsa, qurumdakı partiyalar, siyasi liderlərin tərəfdarları onu sıxışdırıb çıxılmaz duruma sala bilərlər?

- Mən elə ona görə deyirəm ki, Milli Şura hansı qərar gəlsə, onunla razılaşacam ki, Cəmil müəllimi təkləməsinlər. Çünki mən də Milli Şuranın təklifiylə sədr olmuşam. Mənəvi baxımdan mənim bir qədər xeyrim var, ona görə istəyirəm ki, hələlik həmsədrlik institutu olsun. Sonra baxaq görək nə baş verir, bir qərara gələcəm.

- Vətəndaşlıq məsələniz həllini tapsa, 2015-ci ilin parlament seçkilərində iştirak edəcəksinizmi?

- Xeyr, mən SSRİ dövründə, 90-cı illərin əvvəllərində deputat olmuşam. O zaman vəziyyət tələb edirdi ki, respublikanı mərkəzdə mənim kimilər də təmsil etsin. Yəni elə nümayəndələr olsun ki, rusların qarşısından qaçmasın, sözlərini deyə bilsinlər. Mən ona görə razılıq verdim. Bilirsiniz ki, o zaman indi siyasətdə olanların çoxu meydanda deyildi, Kommunist Partiyasına qulluq edirdilər, indi demokrat olublar. Mən həmin vaxt öz sözümü deyirdim, Qorbaçovun üzünə də. Ondan sonra heç bir partiyanın üzvü olmamışam, parlamentə də seçilmək istəmirəm. Əgər mən o adamlara nifrət edirəmsə, onlarla bir salonda necə müzakirələr apara bilərəm?

- Bəs 2018-ci ilin prezident seçkilərində iştirak edəcəksinizmi?

- Hazırda 75 yaşım var, 5 ildən sonra hansı hadisələrin olacağını indidən deyə bilmərəm. 9 oktyabr seçkiləri ərəfəsində dedim ki, məni tarix və vicdanım siyasi proseslərə baş qoşmağa məcbur etdi. Gələcəkdə də sağ qalsam, namizəd olmaram. Bizim namizədimiz var, Cəmil Həsənli. Hamımız bir yerdə ona dəstək verməliyik. Çünki ondan dəyərli namizəd görmürəm.

- Rüstəm müəllim, Rusiyadakı azərbaycanlıların durumuna münasibətiniz necədir və problemin həllinə çalışırsınızmı?

- Mənim bir azərbaycanlı kimi məsələyə münasibətim necə ola bilər, çox mənfi. Görünür, ölkələr arasında qarşılıqlı vədlər olub. Məncə, baş verənlər intiqam xarakteri daşıyır. Güman ki, noyabrın 30-a qədər təzyiqlər davam edəcək, çünki Azərbaycan bu ay ya Avropa Birliyinə assosiativ üzvlüyü qəbul etməli, ya da Gömrük Sazişini imzalamalıdır. Əgər Azərbaycan Avropa Birliyinə assosiativ üzvlüyü imzalasa, təzyiqlər artacaq. Əsas məsələ odur ki, Ermənistanı "sındırdılar”, Ukraynayla böyük mübahisələr gedir, görünür, Bakı hansısa mərhələdə vəd verib və Moskva narazıdır. Bizim xoşumuza gəlsə də, gəlməsə də, Rusiyanın öz siyasəti var. Bununla belə biz öz işimizi görməliyik, hamıyla münasibətimizin yaxşı olmasına çalışmalıyıq, heç kimi aldatmamalıyıq. Nəzərə alın ki, Rusiya bizim qonşumuzdur, bir çox problemlərimiz onlarla bağlıdır. Bizim münasibətlərimiz korlansa, Azərbaycanda vəziyyət çox ağır olar. Ona görə Rusiyayla münasibətlərin pisləşməsinin tərəfdarı deyiləm. Ancaq Azərbaycanın öz siyasəti və maraqları var, siyasətimiz bu amilləri də həmişə nəzərə almalıdır.

- Sizcə, Azərbaycan Gömrük Sazişinə qoşulmalı, yoxsa Avropa Birliyinin assosiativ üzvlüyünə?

- Mən həmişə demişəm ki, Azərbaycan Avropa istiqamətinə yönəlməlidir. Bu gün siyasətin içində dərindən olmadığımdan problemi necə həll etməyi bilmirəm. Amma əcdadlarım, atam-babam da həmişə deyib ki, Azərbaycan öz taleyini Avropayla bağlamalıdır. Bu, o demək deyil ki, Rusiyayla münasibətləri pisləşdirmək lazımdır. Vaxtilə AXC-nin ən böyük səhvi onda oldu ki, Rusiyayla oyun oynadı və sonu çox pis nəticələndi. Ona görə Rusiyayla münasibətləri pisləşdirmək olmaz.

- Nəhayət, sonuncu ənənəvi sualımız, yaxın zamanlarda Azərbaycana qayıdacaqsınızmı?

- Mütləq qayıtmalıyam. Mənim köhnə dostum Nicat Quliyevi heç bir günahı olmadan həbs ediblər. Səbəb də odur ki, bir-iki dəfə mənə İstanbuldan telefon açıb, ondan Milli Şurayla bağlı olması cavabını almaq istəyirlər. Problem ondadır ki, Azərbaycana gəlsəm, ölkədən çıxmamaq iltizamı almaq istəyəcəklər. Hakimiyyətin əsas məqsədi məni Azərbaycanda saxlamaqdır, insanlar düzgün başa düşmür, elə bilirlər ki, məni ölkəyə buraxmırlar. Əksinə, müxtəlif yollarla mənim gəlib, sonra ölkədən çıxmağıma əngəl yaratmaq istəyirlər. Ona görə Nicat Quliyevin istintaqının bitməsini gözləyirəm, istintaq bitəndən sonra Azərbaycana gələcəm, bu da bir neçə ayın söhbətidir.