:
RU   AZ
  • Font size:
  • Decrease
  • Reset
  • Increase

"Milli mediamız kitabın və qiraətin təbliğinə laqeydlik nümayiş etdirir"

Font

Azərbaycan oxucusu kitabdan niyə ayrı düşüb? Bu problem təkcə bizdədirmi ? Sayı üç və ya dörd sıfırla ifadə olunan mütaliə əhli daha çox hansı yazıçılara müraciət edir? Azərbaycan yazıçılarından daha çox kimlər öz əsərləri ilə az da olsa dünya çapına çıxır? Azərbaycan yazıçılarının dünya çapına çıxa bilməməsinin səbəbləri ...
Bu və digər oxucuları maraqlandıran suallar və müsahibimin yaradıcılıq planları haqqında Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü "Yalqız" və "Yolsuz" romanlarının, "Yaddaşlarda yaşayan insan"," Ömrün müdriklik çağı","Ömrün 50 məqamı" sənədli nəsr əsərlərinin,"Yelçəkən" povestinin müəllifi, 30-a yaxın dünyaca məşhur əsəri ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə etmiş Nəriman Əbdülrəhmanlıyla söhbət apardıq :
Nəriman bəy, salam, axşamınız xeyir...
-Salam. Hər vaxtınız xeyir
Sizi narahat edən Novoe Vremya.com saytının müxbiri Sahib Əsədbəylidir...
-Buyurun
Nəriman bəy, bir peşəkar yazıçı və tərcüməçi olaraq neçə illərdir ki, Azərbaycan ədəbiyyatının içindəsiniz. Sizcə müasir dövrdə Azərbaycan oxucususunu kitabdan ayrı salan nədir ?
-Burada səbəblər bir yox, bir neçədir. İlk öncə onu qeyd etməliyəm ki, müsbət keyfiyyətlərindən əlavə qlobal problem olan müasir texnologiyanın inkişafı bütün dünyada kitab mədəniyyətinin tənəzzülünə səbəb olmuşdur. Həmçinin biz də bu tənəzzüldən yan keçməmişik. Hətta deyərdim acısını nisbət götürdükdə daha çox çəkən cəmiyyətlərdən biriyik. Bundan əlavə kitabın təbliğatı ilə bağlı aparılan işlər heç də qənaətbəxş deyil. İstər televiziya kanallarında, istər qəzet və jurnallarda, istərsə də online xəbər vasitələrində. Hazırda Azərbaycan televiziyalarının heç birində kitabın təbliğatı ilə bağlı heç bir proqram efirə getmir. Heç bir xəbər saytı öz xəbər bülletenində kiçik də olsa kitaba yer vermək istəmir. Aydın məsələdir ki, oxucunu kitaba cəlb etmək üçün ilk öncə peşəkar məsləhəti, kitab haqqında lazımı informasiya vermək lazımdır.
Əsrin əvvəllərinə nəzər salsaq, son bir-iki ildə bu sahədə az-çox irəliləyiş hiss olunur. Burada da sizin fəaliyyət göstərdiyiniz Qanun Nəşrlər Evinin istər sosial şəbəkələrdə kitab təbliğatı ilə bağlı apardığı işləriç istərsə də həftəsonu yarmarkalarında endirimli kitab aksiyaları ilə oxucunun diqqətini kitaba yönəltməsini xüsusilə vurğulamaq lazımdır...
-Bəli istər "Qanun" Nəşrlər Evinin, istər "Əli və Nino" nəşriyyatının çap etdirdiyi müasir ədəbiyyat, eləcə də klassiklər seriyasından olan silsilə əsərləri, eləcə də cənab prezident İlham Əliyevin dünya ədəbiyyatının nadir incilərinin Azərbaycan dilinə tərcümə edilməsi ilə bağlı hazırladığı dövlət proqramını qeyd etmək olar. Bu nəşrlərin sayəsində artıq az da olsa Azərbaycan oxucusunu kitaba qaytara bilmişik.
-Bu günün oxucusu daha çox hansı yazıçılara müraciət edir?
-Təəssüflər olsun ki müasir oxucunun diqqətini daha çox macəra tipli əsərlər cəlb edir nəinki öz fikir genişliyi ilə seçilən əsərlər. Buna misal olaraq Qanun Nəşrlər Evinin nəşr etdirdiyi Xalid Hüseyninin "trio" romanlarını göstərmək olar. Sonuncu romanı olan və dağlardan səda gəldi dünya kitab bazarında öncül sıralarda qərarlaşır.Bunun da nəticəsidir ki artıq 38 milyon nüsxə ilə satılıb. Eləcə də bizim Qanun nəşriyyatında artıq ikinci dəfə 1000 tirajla nəşr olunub. Bundan əlavə bestseller əsərlərin digər müəlliflərindən Frederik Beqbeder və Mark Levini də əsl ədəbiyyat nümayəndəsi hesab etmək zənnimcə doğru olmazdı.
-Azərbaycan ədəbiyyatıından bu gününü necə təsvir edərdiniz ?
-Hazırda Azərbaycan ədəbiyyatında bir çox yazarlar var ki, onların əsərlərinin sadəcə təbliğatı düzgün aparılmır. Aydın məsələdir ki, ədəbi məhsulu dünya çapına çıxarmaq üçün ilk öncə buna aidiyyatı qurumların dəstəyi lazımdır. Məsələn Kamal Abdulla, Mirmehdi Ağaoğlu, Fəxri Oğrun, Şahmar Hüseynov kimi yazıçıların adlarını çəkə bilərəm ki, bir oxucusu olaraq onların əsərlərini yüksək qiymətləndirirəm, nəinki Beqbeder və ya Levinin.
-Bildiyim qədər Kamal Abdullanın yaradıcılığına xüsusi rəğbətiniz var...
-Bəli. Bu şəxs Azərbaycan nəsrinin günümüzdə əsas isimlərindəndir. Onun üç əsəri bir çox dillərə tərcümə olunub və Avropadan tutmuş Cənubi Amerikayadək bir çox qitələrdə nəşr olunub.
-Ədəbiyyatımızda kumir hesab etdiyiniz yazıçı varmı ?
-Bəli. İsa Hüseynov
-Nəriman bəy bir qədər də öz yaradıcılığınız haqda...
-Bildiyiniz kimi mənim bir neçə əsərlərim işıq üzü görüb ki bunlardan da ən məşhurları "Yalqız" və "Yolsuz" romanlarıdır. Bundan əlavə bir neçə hazır əsərlərim vardır ki çapa hazırlanır. Bunlardan sənət adamlarının portertləri silsiləsindən olan "İşığın portreti", "İşığa doğru" əsərlərini eləcə də "Azərbaycan kino sənəti tarixini" müsahibələr silsiləsindən olan "Könül müsahibələri"ni və "Təndiqdçi olmasam" da adlanan resenziyalar silsiləsini göstərə bilərəm.
Sizin "Yalqız" romanı ilə Herman Hessenin "Yalquzaq" romanı arasında hər hansı bağlılıq varmı ? Bir növ bu əsərdə Herman Hessedən təsirləndiyinizi söyləmək olarmı ?
-Sadəcə assosiativ bağlılıq ola bilər
Tərcüməçi olaraq hansı əsərlərin tərcüməsi gözlənilir sizdən ?
-Hal-hazırda məşhur türk yazçısı Ahmed Hamdi bəyin romanının tərcüməsi ilə məşğulam. Bu yaxınlarda nəşrə hazırlanacaq.
Nəriman bəy sonda sizə gələcək işlərinizdə uğurlar arzu edir və istər yeni nəsrləriniz, istərsə də tərcümələrinizlə bizləri sevindirməyi rica edirəm... Müsahibə üçün sonsuz minnətdarlığımı bildirirəm...Çox sağ olun...
-Siz sağ olun...
Sahib Əsədbəyli