"Şəmkir Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Alimpaşa Məmmədov marallara baxmaq üçün rayonun bütün icra nümayəndələrindən hər ay 200-300 manat pul yığırdı".

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Şəmkirin Dəllər Cəyir kəndinin keçmiş icra nümayəndəsi Tunzalə Hüseynova deyib.

İcra nümayəndəsi iddia edir ki, A.Məmmədov yeni bazarın inşası zamanı ondan 10 min manat pul alıb: "Sabiq başçı rayonun digər icra nümayəndələrindən daha çox pul alırdı. Mən 10 min manatı Rusiyada yaşayan qohumumdan alaraq ona verdim. Alimpaşa Məmmədov vəd etmişdi ki, həmin pulun əvəzinə yeni bazarda mağaza yeri verəcək. Lakin o, verdiyi vədə əməl etmədi, mən də pulumu geri aldım. Elə ondan sonra məni uzun illərdir çalışdığım vəzifədən qanunsuz olaraq çıxartdı".

Qeyd edək ki, T.Hüseynova A.Məmmədovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Onun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

.