Rusiya Laçın yolunun tamamilə açılması ilə bağlı işi davam etdirir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Daxili işlər, Müdafiə nazirlikləri və Qarabağdakı sülhməramlı kontingentin komandanlığının xətti ilə de-eskalasiya üçün ardıcıl addımlar atılır.

“Bütün tərəflər üçün məqbul həllin tapılması vacibdir. Hazırda Laçın yolundan humanitar yardım kolonu keçir. Bir daha qeyd etmək istəyirik ki, sülhməramlılarımıza qarşı ictimai hücum və təxribatlar qəbuledilməzdir. Sülhməramlılarımız regionda sülhün qarantıdır”, - Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova BMT Təhlükəsizlik Şurasının Laçın yolu ilə bağlı mətbuat üçün bəyanat layihəsi barəsində də danışıb: “Bu barədə bizim Nyu-Yorkdakı daimi nümayəndəliyimiz tərəfindən ətraflı şərh verilib. Qeyd olunub ki, bizim konstruktiv əhval-ruhiyyəmizə baxmayaraq sənədin fransalı müəllifləri Rusiyanın təkliflərinin bir çoxunu iqnor ediblər. Qərbli həmkarlarımız özlərində cəsarət tapmayıblar ki, sənədin mətninə Rusiya, Azərbaycn və Ermənistan liderlərinin üçtərəfli bəyanatları barədə faktologiyanı qeyd etsinlər. Halbuki bu, Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasının fundamenti hesab olunur. Bütün hallarda biz populizmlə yox, Laçın yolu ətrafındakı vəziyyətin nizamlanması ilə bağlı predmetli işlə məşğul olmağa qərarlıyıq”, o vurğulayıb.

.