Avropa İttifaqı NATO ilə tərəfdaşlıq yolu ilə Çinlə geosiyasi rəqabətə doğru irəliləyir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ və NATO arasında əməkdaşlığa dair birgə bəyannaməni şərh edərkən bildirib.

“Qlobal miqyasda Aİ NATO ilə “tərəfdaşlığın yeni səviyyəsinə” keçir və bununla da Şimali Atlantika Alyansının kritik infrastrukturun, kosmosun, medianın mühafizəsi və hətta iqlim dəyişikliyi ilə mübarizə kimi əməliyyat sahələrində üstünlüyünü təmin edərək Çinlə geosiyasi rəqabətə doğru irəliləyir. ”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, birgə bəyannamə 1 milyard vətəndaşın mənafeyi naminə NATO və Aİ-nin bütün siyasi, iqtisadi və hərbi vasitələrdən istifadə edəcəyini heç bir tərəddüd etmədən bəyan edən “Qərb üstünlüyü fəlsəfəsinin daha bir panegirikası”dır: "Dünyanın qalan hissəsi onlar tərəfindən əslində düşmən mühit kimi qəbul edilir. Aydındır ki, NATO və Avropa İttifaqının müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı aqressiv və qarşıdurma xarakterli yanaşmaları, dövlətləri “biz” və “onlar”a bölmək cəhdləri yalnız münaqişələrin sülh yolu ilə həllinə mane olacaq, regionda terror çağırışları qarşısındakı beynəlxalq təhlükəsizliyi zəiflədəcək”, - deyə Rusiya XİN sözçüsü əlavə edib.

O qeyd edib ki, ABŞ-ın motivləri Avropa İttifaqını Vaşinqtonun elan etdiyi "qlobal rəqabətə" cəlb etməkdir.

.