Xocalı soyqırımı Azərbaycan tarixində ən dəhşətli və faciəli səhifələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlıı qüvvələri tərəfindən baş vermiş soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Üzərindən 31 il zaman keçsə də, beynəlxalq birlik hələ də bu hadisəyə hüquqi qiymət verməyib. Bəzi dövlətlərin parlamentləri Xocalı soqırımını rəsmi olaraq tanısalar da, beynəlxalq təşkilatlar və aparıcı dünya dövlətləri bu bəşəri cinayətə göz yumurlar. Çox təəssüf ki, bu siyasət bu gün də davam edir. 30 il ərzində bir milyondan artıq soydaşımızın öz doğma yurd-yuvalarından didərgin düşməsinə, Azərbaycan torpaqlarının işğal altında olmasına, habelə ən qəddar bəşəri cinayətlərdən olan Xocalı soyqırımına göz yuman beynəlxalq birliyin bu laqeyd münasibətindən sonra Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmək məcburiyyətində qaldı.

44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu və tarixi həsrətimizə son qoyuldu. Ermənistan tərəfi 9-10 noyabr 2020-ci ildə tarixdə imzalanmış üçtərəfli bəyanatda götürdüyü öhdəliklərə əməl etməyərək, süni yolla prosesin uzanmasına səy göstərir.

Xocalı soyqırımı insanlıq əleyhinə yönəlmiş bəşəri cinayətdir və heç bir dünya dövləti bundan sığortalanmayıb. Beynəlxalq birliklərdən tələb edirik ki, bu bəşəri cinayətə hüquqi qiymət verilsin! Yüzlərlə günahsız insanın qətliamına yol açan bu cinayətin iştirakçıları məsuliyyətə cəlb edilsin! Bu dünya insanlarının rifahının təmin olunması, gələcəkdə bu cür cinayətlərin yenidən təkrarlanmaması üçün bir presedent olardı.

Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!

Unutmadıq, unutmuruq, unutmarıq!

Yeni Zaman Partiyasının Mərkəzi Şurası.

.