Cari ilin 26 fevral tarixində ənənəvi olaraq Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Səfirliyin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə açan Səfir Polad Bülbüloğlu qeyd etmişdir ki, bu gün biz, Xocalı soyqırımı nəticəsində həlak olan yüzlərlə günahsız dinc sakinin əziz xatirəsini ehtiramla yad edirik. Bu xatirə Azərbaycan xalqının birliyinin simvoluna çevrilmişdir. Aradan illər keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən cinayətlərin vəhşiliyi ilə barışmaq çox çətindir. Belə miqyasda faciələrin unudulmasına imkan vermək olmaz. Biz, cəzasızlığa və sükuta son qoymalı, Xocalının günahsız qurbanlarına münasibətdə ədaləti bərpa etməliyik. 

Diplomat bildirmişdir ki, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətə siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmişdir.

Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması və onun dünya səviyyəsində soyqırım kimi tanınması məqsədilə ümummilli lider tərəfindən başladılmış kurs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Həmçinin faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və həm Azərbaycanda, həm də xaricdə gənclərin çox fəal iştirak etdiyi “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası mühüm rol oynayır. O, tədbirdə iştirak edən gənc nəslin nümayəndələrinə müraciət edərək, Xocalı soyqırımı ilə bağlı mötəbər məlumatları gələcək nəsil və beynəlxalq ictimaiyyətə çatdırılmasının onların müqəddəs vəzifəsi olduğunu xatırlatmışdır.

2020-ci ildə, 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanın rəşadətli ordusu və igid oğulları güclü, qətiyyətli və müdrik Ali Baş Komandanın rəhbərliyi ilə tarixi torpaqlarımızı işğaldan azad etmişdir. Bütün dünya ordumuzun nə qədər qüdrətli və müasir, əsgər və zabitlərimizin döyüş ruhunun nə qədər yüksək, Azərbaycan xalqının iradəsinin və Prezidentinə inamının nə qədər güclü və sarsılmaz olduğuna əmin olmuşdur.

İşğalın ağır nəticələrinə baxmayaraq, bu gün Azərbaycan regionda vəziyyətin sabitləşməsi üçün postmünaqişə dövrünün sülh yolu ilə nizamlanmasına və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına sadiqliyini bildirmişdir.

Hazırda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün tarixi imkan yaranmışdır.

Sonda Azərbaycan Səfiri vurğulamışdır ki, Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş cinayət kimi bəşəriyyət tarixinin qanlı səhifə olan Holokostla eyni sıradadır. O, həmçinin Azərbaycanda heç vaxt antisemitizm təzahürlərinin olmamasından və burada yaşayan bütün xalqların milli mədəni irsi inkişaf etdirmək və qorumaq üçün bərabər hüquqlardan istifadə etməsindən qürur duyduğunu bildirmişdir.

Tədbirdə "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, ictimai xadim, diplomat, politoloq və “Siyasi araşdırmalar institutunun” baş direktoru Sergey Markov, “Avrasiya İdeyaları Mərkəzi” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri, politoloq Qriqoriy Trofimçuk, “ALEF” yəhudi hərəkatının sədri Abram İxiilov, RAGB fəalları Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev də çıxış etmişdirlər.

İqor Korotçenko qeyd etmişdir ki, Xocalıda baş verən hadisələrə müasir dövlətlərin parlamentləri, o cümlədən Rusiya Dövlət Duması tərəfindən hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Bu gün Rusiya xalqı da Azərbaycan xalqının Xocalı faciəsini bölüşdürür.

Sergey Markov faciədən bəhs edərkən, günahkarların cəzalandırılmasının vacibliyini önə çəkmişdir.

Qriqoriy Trofimçuk illər keçməsinə baxmayaraq 26 fevral tarixinin heç vaxt unudulmayacağını qeyd etmiş və günahkarların mütləq cəzalandırılmalı olduqlarını vurğulamışdır.

Çıxışlarında 26 fevralın Azərbaycan tarixinin ən ağır faciəvi səhifəsi olduğunu vurğulayan natiqlər, dünya ictimaiyyətinin bu soyqırıma diqqətini cəlb etmək üçün “Xocalıya ədalət” kampaniyası çərçivəsində ardıcıl obyektiv işlərin aparılmasının vacibliyini önə çəkmişdirlər. Dinc əhalinin kütləvi qətliamı kimi Xocalı soyqırımının dünya tarixində dərin iz qoyduğu da vurğulanmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının ağlasığmaz qəddarlığı və qeyri-insani divan tutmaq üsulları ilə bütün bəşəriyyətə qarşı tarixi cinayət olduğu sözləri səsləndirilmişdir.

Bu gün, 26 fevral 2023-cü il tarixində Səfirliyin binasının önündə Xocalı faciəsində qətlə yetirilənlərin xatirəsinə həsr olunmuş stend quraşdırılmışdır. Səfir Polad Bülbüloğlu və Səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının dövlət qurumlarının Rusiyadakı nümayəndələri, o cümlədən Moskvadakı soydaşlarımız, diaspor fəalları, Rusiyada təhsil alan azərbaycanlı tələbələr gün ərzində diplomatik nümayəndəliyə gələrək stendin önünə gül dəstələri qoymuşlar.

.