Rusiyanın xarici siyasət prioritetlərindən biri də 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il, habelə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.

Bu barədə Rusiya XİN-in nazir Sergey Lavrovun Azərbaycana səfər proqramı ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, bu razılaşmaların həyata keçirilməsinə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam əməkdaşlığın bərpası üçün əsas şərtlər kimi baxılır.

“Rusiya sülhməramlı kontingenti atəşkəs rejiminə riayət olunmasına nəzarət edir və məsuliyyət zonasında təhlükəsizliyin qorunmasına töhfə verir. Sülhməramlılar qaçqınların geri qayıtmasına, dinc həyatın bərqərar olmasına kömək edir, ərazilərin minalardan təmizlənməsinə, hərbi əsirlərin və saxlanılan şəxslərin mübadiləsinə vasitəçilik edir. Rusiyanın səylərinin ən mühüm istiqaməti regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır.

Azərbaycandan və Ermənistandan olan tərəfdaşlarla birlikdə Baş nazirin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində biz dəmir yolu və avtomobil əlaqələrinin yaradılmasına imkan verəcək və təsərrüfat əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik. Biz Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın işinin davam etdirilməsinin tərəfdarıyıq. Delimitasiya prosesinin başlanması Azərbaycan və Ermənistan arasında sərhəd insidentlərinin dayandırılmasına töhfə vermək məqsədi daşıyır. Rusiya tərəflərin xahişi ilə lazımi məşvərətçi yardımı göstərəcək.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin baza prinsiplərinin hazırlanması, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu mürəkkəb, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək.

Humanitar sahədə təmaslar Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə töhfə verir. Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti, parlamentarilər və ekspert dairələri arasında qarşılıqlı fəaliyyəti dəstəkləməkdə davam edəcək. Biz qarşıdan gələn səfəri etimad əsasında dialoq qurmaq və müttəfiqlik əlaqələrinin bütün spektrini daha da inkişaf etdirmək üçün azərbaycanlı tərəfdaşlarla birgə işdə mühüm addım hesab edirik”, = Rusiya XİN-in məlumatında qeyd olunub.

.