Məlum olduğu kimi, bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntı yataqlarının, xüsusilə də Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində, Laçın-Xankəndi yolunda aksiya keçirir. Təəssüf ki, 90-ci illərdə olduğu kimi, bu gün də bəzi dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili standartlar həyata keçirdiyinin şahidi oluruq.

Bunu bu gün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Bu aksiya Azərbaycan torpaqlarında keçirilir və buna münasibətdə ikili standartlara baxmayaraq, Azərbaycan xalqı öz haqqını tələb edəcək və istədiyinə nail olacaqdır. Azərbaycanın öz ərazilərinin təhlükəsizliyinin qarantı kimi Laçın-Xankəndi yolunda suveren hüquqlarımıza uyğun olaraq tam nəzarəti təmin etməsi dövlətimizin haqqıdır. Bu aksiya 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin nəticəsi olaraq Azərbaycan xalqının öz torpaqlarını və onun təbii sərvətlərinin sahibliyini əks etdirən ictimai-siyasi hərəkatdır”, - Xələf Xələfov qeyd edib.

.