“İyulun 12-də Tovuz istiqamətində düşmən mövqelərimizi ələ keçirməyə cəhd edib”.
 
Bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
 
V. Dərgahlı deyib ki, öncə yüngül, daha sonra isə ağır silahlardan, artilleriyadan istifadə etməklə hücum cəhdi olub: “Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayan məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Ermənistan tərəfi itkiləri gizlədir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin olması da ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.
 
V. Dərgahlı nəzərə çatdırıb ki, düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”.

“Bəzi KİV yaralılarımıza baş çəkmək istəyir. Ancaq indiki vaxtda pandemiya səbəbindən bu, düzgün deyil”.

Bunu da bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V. Dərgahlı deyib ki, pandemiya dövründə xəstəxanalara baş çəkmək qadağan olunub: “KİV-in bunu nəzərə almasını xahiş edirəm”.

.