Hörmətli cənab Prezident!
Sizi, demək olar ki, iki ildir öhdəsindən gəlməyə çalışdığım vəziyyət haqqında məlumatlandırmaq istəyirəm. Mən 2020-ci ildən bəri Azərbaycan mediasının bütün rusdilli nümayəndələrini birləşdirəcək "Rusdilli Jurnalistlər Birliyi"ni yaratmaqı qarşıma məqsəd qoymuşam. Respublikada müxtəlif jurnalist ittifaqların və birliklərin mövcud olduğuna baxmayaraq, bu günə kimi rusdilli jurnalistləri birləşdirəcək vahid bir təşkilat yaradılmamışdır.
Biz bu boşluğu doldurmaq qərarına gəldik, lakin bir çox süni şəkildə yaradılmış problemlərlə qarşılaşacağımizı gözləmirdik. Qarşımıza qoyduğumuz məqsəd yalnız dövlətimizin mənfəəti və maraqlarının təmin olunmasına xidmət edir. Bildiyiniz kimi, Azərbaycanda, bir çox postsovet ölkələrindən fərqli olaraq, rusdilli məktəbləri və rus dilində işıq üzü görən mətbu orqanlarını qoruyub saxlamaq mümkün olub, bu gün isə rusdilli jurnalistləri birləşdirmək zərurəti meydana gəlmişdir.
Birlik qeydiyyatdan keçdikdən sonra biz tam şəkildə işə başlamağa hazırıq. Planlarımız çoxdur, lakin əsas məqsədlərimizdən biri rusdilli vətəndaşlara Azərbaycan haqqında həqiqətləri çatdırmaqdır. 44 günlük Vətən Müharibəsi dövründə ölkəmiz nəinki düşmənin təcavüzü ilə, həm də dünya ictimaiyyətinin və xarici oxucuların gözündə Azərbaycanı qaraldırmağa çalışan xarici mediada bir çox saxtakarlıqla qarşılaşdıqda, rus dilində nəşr olunan Azərbaycan mediasının köməyi böyük idi. Hamımız ölkəmizin müdafiəsinə qalxmışdıq. Məhz o dövrdə media sahəsində xarici dilləri mükəmməl bilən kadrlara ehtiyac var idi.
2020-ci ildə mən və Rusdilli Jurnalistlər Birliyinin digər təsisçiləri, o cümlədən “Новое Время" qəzetinin baş redaktoru, Azərbaycanın əməkdar jurnalisti Şakir Ağayev qeydiyyat üçün tələb olunan sənədləri toplamağa başladıq. Lakin dörd dəfə ərizə təqdim etməyimizə baxmayaraq, bu günə qədər sözügedən birlik bilinməyən səbəblərdən Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmişdir. Hər dəfə nazirlik qeydiyyatı həyata keçirməkdən yazılı şəkildə imtina edib. Bütün bunlar ölkədə Sizin təşəbbüsünüzlə keçirilən islahatlara ziddir. Bü islahatlar isə ölkəmizdəki bütün dövlət strukturlarının işini daha da şəffaf, xidmətlərin vətəndaşlar üçün daha da əlçatan olması məqsədini daşıyır. Ancaq Ədliyyə Nazirliyinin işi sanki dövlət siyasətiylə ziddiyyət təşkil edərək vətəndaşların qarşısına maneələr qoymaqdan ibarətdir.
Cənab Prezident, Sizdən bu problemi həll etmək üçün köməklik etməyinizi xahiş edirəm. İnanırıq və ümid edirik ki, bu məsələ tezliklə həll olunacaq və biz dövlətimizin maraqlarını təmin olunmasına xidmət edən məqsəd və ideyalarımızı həyata keçirmək üçün fürsət əldə edəcəyik. 


Hörmətlə, Utro.az portalının baş redaktoru Habil Ağazadə

.