Prezident İlham Əliyev Ucar rayonunun Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən iyirmi doqquz min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Müsüslü–Təzə Şilyan–Bərgüşad–Bağban–Yuxarı Şilyan–Boyat–Qazyan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş vəsaitin 8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 

.