“Zəlzələdən təsirlənən 1 834 xəstəmiz reanimasiyadadır”.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca tvitterdə yazıb.

O bildirib ki, 9 881 nəfərin müalicəsi davam edir:

“Ankara, İstanbul, Adana, Qaziantep və Antalya xəstə sayının ən çox olduğu şəhərlərdir. Hər bir yaralımıza bir daha şəfa diləyirəm. Onların sağalması üçün əlimizdən gələni edirik”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində 49 mindən çox insan həlak olub.

.