Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyədə keçirilən seçkilərlə bağlı bəyanat yayıb.

TDT Baş katibinin müavini səfir Yerzhan Mukaşın rəhbərlik etdiyi Türk Dövlətləri Təşkilatının Seçki Müşahidə Heyəti 2023-cü il mayın 14-də Türkiyə Respublikasında keçirilən 28-ci Dövr Parlament Seçkiləri və Prezident seçkilərindən sonra İstanbulda 100-dən çox seçki mərkəzində olub. Müşahidə Komitəsi seçki qutularının açılması və bağlanmasında iştirak edərək səsvermə prosesini izləyib.

TDT-nin baş katibi səfir Kubanicbek Omuraliyev beynəlxalq müşahidəçilərlə görüşüb. Görüşdə tərəflər seçkilərlə bağlı ilkin qiymətləndirmələrini bölüşüblər.

Bəyanatda qeyd edilib ki, TDT Beynəlxalq Seçki Müşahidə Missiyası Türkiyə Respublikası Prezidenti və 28-ci dövr Parlament seçkilərinin açıq, şəffaf və rəqabətli olduğunu, Türkiyə Respublikasının milli qanunvericiliyinə və qəbul edilmiş beynəlxalq seçki standartlarına uyğun olduğunu təsdiq edir.

Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib.

Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Bununla yanaşı Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.

.