2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 mln.dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281,7 mln.dollar) ixracı (267,4 mln.dollar) üstələməsi nəticəsində 14,3 mln.dollar (ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə azalma) həcmində kəsir yaranıb.

Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 281,7 mln.dollar məbləğində olub. Bunun 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

Qeyd edək ki, 2020-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,2 mlrd.dollar təşkil edib. Bunun 1,5 mlrd.dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0,7 mlrd.dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1,7 dəfə artaraq 0,8 mlrd.dollar olub.

Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634,3 mln.dollar olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192,2 mln.dollar olub.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 681 mln.dollar olan nəqliyyat xidmətlərinin 43,3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 295 mln.dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 386 mln.dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrünə nisbətən 0,2% azalıb, idxalı isə 44,7% artıb. Nəticədə bu maddə üzrə 2019-cu ilin I rübündə 27,1 mln.dollar olan kəsir 2020-ci ilin I rübündə 5,4 dəfə artaraq 146 mln.dollar təşkil edib.

 

.