Hindistanda “qara kif” xəstəliyinin yayılması bir çox ölkədə təşvişə səbəb olub. Bu diaqnozu olan xəstələrin gözlərini, burnunu və üzünün digər hissələrini çıxaran həkimlərin hekayələri çoxlarını dəhşətə gətirib.

Media.Az bu barədə həkimlərlə söhbət edib. Məlum olub ki, bu infeksiya bir əsrdən artıqdır ki, mövcuddur və Azərbaycanda dəfələrlə rast gəlinib.

Kardioloq Zaur İslamov bildirib ki, bu infeksiyaya əsasən torpaqda, həmçinin çürüyən bitkilərin, meyvə-tərəvəzin səthində yaşayan mikroskopik göbələklərlə birbaşa təmas nəticəsində yoluxmaq mümkündür.

“Xəstəlik tənəffüs yollarında (bronxlar, ağciyərlər, burun-udlaq və burun boşluğu) inkişaf edərsə, öskürək və asqırma zamanı da xəstəliyi ötürmək mümkündür”, - deyə Z.İslamov bildirib.

Bir qayda olaraq, “qara kif” güclü immuniteti olan insanlar üçün təhlükəli deyil.

İnfeksionist Polina Əliyeva vurğulayıb ki, “qara kif”ə yoluxanların 98 faizi virus infeksiyaları, HİV infeksiyası, şəkərli diabet kimi xəstəliklərə yoluxanların payına düşür.

Şəkərli diabet xəstələri arasında mukormikoz daha çox uzun müddət şəkərli diabetdən əziyyət çəkən, lakin müntəzəm profilaktik müalicədən keçməyən və diabetik dərmanların dozasına nəzarət etməyənlərdə rast gəlinir.

Risk qrupuna həmçinin bu xəstələr də daxildir:

- trofizmin pozulması ilə (xroniki ürək-damar xəstəlikləri və şəkərli diabetdə baş verir);

- qanda dəmir səviyyəsinin artması ilə;

- immunosupressiv terapiya alanlar (bir qayda olaraq, xərçəng xəstələri və HİV xəstələri);

- nəzarətsiz miqdarda steroid dərman qəbul edənlər.

İnfeksionist Sahib Atakişiyev təcrübədə “qara kif”li yalnız bir xəstə ilə qarşılaşdığını bildirib. Onun sözlərinə görə xəstə 60-70 yaşlarında şəkərli diabet xəstəsi olub. O, həyətdə gəzən zaman gözünün içinə ağac budağı girib, sonradan aldığı zədə irinləməyə səbəb olub.

“Antibakterial müalicə aparıldı, amma nəticəsiz qaldı. Xəstə görmə qabiliyyətini itirirdi. Sonra biz göbələk əleyhinə dərmanlardan istifadə etdik və bir neçə aydan sonra o, sağaldı”, - deyə S.Atakişiyev bildirib.

Zaur İslamov iddia edir ki, xəstəliyin əlamətləri zədələnmiş orqandan asılıdır. Yəni bronxlar və ya ağciyərlər təsirlənirsə, bronxopulmoner xəstəliklər və quru öskürək; dəri təsirlənirsə - dermatit, tərdən bişmə, səpgi və xoralar “qara kif”in əlaməti ola bilər.

Göbələk pnevmoniyası, gözlərin şişməsi və yanaqlarda uyuşma da qorxulu xəbərdarlıq sayılmalıdır.

.