Şuşaya gedən Zəfər yolunun avqust ayının sonuna qədər asfaltlanması planlaşdırılır.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 

Sədr Şuşaya torpaq yolla gediş-gəlişin mümkün olduğunu qeyd edib:

“Yolun 101 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Şuşaya gedən yolun 61 kilometrə yaxın hissəsi minadan tam təmizlənməyib, yalnız yolun çəkiləcəyi ərazinin 7 metr enində olan hissəsi təhlükəsizdir.

Ümumilikdə isə ikinci dərəcəli yol çəkmək üçün bizə 17 metrlik zolaq lazımdır. Biz yolların tikintisində çalışan insanların təhlükəsizliyini də nəzərə alırıq. Minalardan təmizlənmə işləri həyata keçirildikcə biz də yolun genişləndirilməsini təmin edəcəyik. Ümumilikdə avqustun sonuna qədər Zəfər yolu xalqın istifadəsinə veriləcək”.

Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? 

Kəlbəcərə hələ ki Gəncə-Göygöl-Toğana kəndindən keçən yolla getmək mümkündür. 

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib. 

O deyib ki, tarixi Kəlbəcər yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirik:

“O yoldan hələ ki sülhməramlılarla birgə keçə bilirik. Lakin ölkə başçısı Azərbaycan xalqının rahat gediş-gəlişi üçün yeni yolun çəkilməsini tapşırıb. 

“Ev yolu” adlandırılan bu yol 3263 metr yüksəklikdə olan Ömər zirvəsindən keçəcək. Yol birinci texniki dərəcəyə uyğun və 4 zolaqlı olacaq. Bu yol üzərində hazırlanan layihə artıq hazırdır. Ölkə başçısına təqdim olunacaq.

Yəqin ki, təsdiq olunduqdan və yolun inşasında çalışacaq şirkətlər dəqiqləşdiqdən sonra bu ilin mart ayından Kəlbəcərə yeni yolun çəkilişinə başlanılacaq”.

Bakı-Quba yolunun ödənişli hissəsinin istifadəyə veriləcəyi tarix açıqlandı

“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istifadəyə veriləcək”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov 2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələrə həsr olunan brifinqdə deyib. 

O bildirib ki, bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb:

“Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Həmin hissənin 2022-ci ilin may ayına qədər təhvil verilməsi gözlənilir”.
 

.