“NATO müttəfiqləri və Aİ üzvləri Ukraynaya hərbi dəstək verdiyi üçün öz hərbi ehtiyatlarını tükədiblər, lakin bu doğru addım idi. Çünki bu, Ukrayna ilə yanaşı, həm də bizim təhlükəsizliyimizlə bağlı məsələdir”.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Aİ Şurası Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, həm də bizim təhlükəsizliyimizlə bağlıdır və təbii ki, belə halda Ukraynanı dəstəkləmək üçün biz öz ehtiyatlarımızdan, silah-sursatımızdan istifadə etməliyik. Müttəfiq ölkələr də mənə bildirib ki, əgər onların qarşısında iki seçim - ya silah-sursat ehtiyatları baxımından NATO standartlarına uyğun olmaq və yaxud Ukraynanı dəstəkləmək - olardısa, onlar Ukraynaya dəstəyi seçərdilər”, - Baş katib bildirib.

Stoltenberq NATO-nun hərbi ehtiyatlarının tükəndiyini qeyd edib:

“Bununla bağlı müdafiə nazirlərimiz payızda görüşəndə müvafiq qərar qəbul etdilər. Biz əmin olmalıyıq ki, həm öz ərazilərimizi qorumaq, həm də Ukraynaya dəstək vermək üçün kifayət qədər ehtiyata sahibik. Bu istiqamətdə həmçinin Aİ ilə də işləyirik. Biz qəhrəman Ukrayna hərbçilərinin uğurlarını görürük, lakin eyni zamanda, Rusiyanı daha aşağı qiymətləndirməməliyik. Rusiya yeni qüvvələr cəlb edir, silah-sursat təminatı üzərində işləyir, ağır itkilər verməsinə baxmayaraq, Rusiyanın müharibəyə davam etmək istədiyini görürük. Biz Putinin məqsədinin dəyişdiyini görmürük. Ona görə də biz uzun müddətli müharibəyə hazırlıqlı olmalı və Ukraynaya dəstəyimizi davam etdirməliyik”.

.