“Pakistanda bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının iclası olmalı idi. Fikirləşirdik ki, böyük nümayəndə heyəti ilə həmin iclasa qatılaq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, pandemiya səbəbindən bu səfər təxirə düşüb: “Pandemiya bitəndən sonra ilk səfər edəcəyim ölkələrdən biri Pakistandır. 44 günlük Vətən müharibəsi dövründə də mənim Pakistandan olan həmkarımla iki dəfə telefon danışığım olub. Bizim dəvətimiz də onlara çatdırılıb. Amma pandemiya səbəbindən səfərlər hələ ki, alınmır”.

Deputat Siyavuş Novruzov isə qeyd edib ki, dost və qardaş ölkələrlə təkcə fövqəladə hallar deyil, digər sahələrdə də bu cür sazişlər sayı artırılmalıdır: “Avropanın enerji təhlükəsizliyindən Azərbaycanın əhəmiyyətli rol oynamasına baxmayaraq, Avropa dövlətləri tərəfindən Azərbaycanın ədalətli mövqeyinə lazımi dəstəyi görmürük. Orada Ermənistanı dəstəkləyən dövlətlər var. Hətta xəritədə yerini bilməyən bəzi cırtdan dövlətlər öz parlamentlərində Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etməyə cəhd göstərirlər. Belə olan halda Pakistan kimi dövlətlərin mövqeyi bizim üçün ən öncül yerdədir”.

.