Bu ilin 5 ayı ərzində 4.684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.

Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.536 məhkumdan elektron qolbaqlar çıxarılıb. Hazırda elektron qolbaq daşıyan 3.148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

Qeyd edilib ki, indiki pandemiya şəraitində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Probasiya Xidməti tərəfindən cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi, xüsusilə məhkumların qəbulu, qeydiyyata alınması, elektron nəzarət vasitələrinin tətbiqi, onların dəyişdirilməsi və çıxarılması prosedurları icra edilərkən Ümumdünya Səhiyyə Təşkilatının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq zəruri təhlükəsizlik tədbirləri, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, qoruyucu tibbi vasitələrdən (maska, əlcək, antiseptik vasitə və s.) istifadə edilməsi, vətəndaşlarla sosial məsafənin saxlanılması ilə bağlı bütün zəruri işlər görülür.

.