Təhsil Nazirliyi sinif otaqlarında partalar və yataqxanalarda çarpayılar arasında məsafənin necə olacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

Təhsil Nazirliyindən bildirilib ki, sinif otaqlarında partalar və yataqxanadakı çarpayılar arasında məsafə pandemiyadan əvvəlki, yəni müvafiq Qərar qüvvəyə minənə qədər hansı vəziyyətdə idisə, o cür olmalıdır. Başqa sözlə, sinif otaqlarında partalar və yataqxanalarda çarpayılar arasında məsafə tələbi ləğv olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, tədris (sinif) otağına və müəllim otağına dair tələblərlə bağlı partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsi tələbi və yataqxanalarda çarpayılar ən azı 1,5 metr məsafə tələbi ləğv edilib.

.