Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyasında çıxış edib.

O, çıxışında iki il əvvəl Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini və ədaləti bərpa etdiyini bildirib.

“Biz iki il ərzində sülh üçün hər şeyi etmişik. Bu sülh danışıqlarını pozmaq üçün Ermənistan tərəfi hər zaman beynəlxalq qurumları aldatmağa çalışır, sözdə
“Laçın blokadası” ifadələrini işlədirlər. Bunu etmələrinin səbəbi isə onların öz gücünü itirdiklərinin fərqinə varmaqlarıdır”, - Səməd Seyidov diqqətə çatdırıb.

Səməd Seyidov qış sessiyasında iştirak edən parlamentarilərə ərazilərin işğaldan azad edilməsinə baxmayaraq, Ermənistan tərəfindən yerləşdirilən minalara görə insanların öz doğma torpaqlarına qayıda bilmədiklərini vurğulayıb.

Səməd Seyidov bildirib ki, Ermənistan azərbaycanlılarla bir araya gəlib regionun gələcəyini müzakirə edə bilmir.

“Bunun əvəzində Qarabağda yaşayanları təhrik edirlər. İndi isə Ruben Vardanyanı Qarabağa gətirirlər. Həmin şəxs bir çox qurum tərəfindən sanksiyalara məruz qalıb”, Səməd Seyidov əlavə edib.

Səməd Seyidov Ermənistana beynəlxalq təşkilatlara yalvarmaq yerinə Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünməyə başlamağı məsləhət görüb.

.