“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində yoxlamalar başa çatıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata əsasən, ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanmış səkkiz tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan beş tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində isə nöqsanlar az aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

.