Bütün dünyada hökm sürən pandemiya bir çox çevik və sürətli qərarların verilməsinə səbəb olub. Hər ölkə öz siyasi və iqtisadi vəziyyətinə uyğun bu problemin çözülməsinə dair qərarları həyata keçirir. İstər əhalinin sağlamlığının qorunması, istərsə də ölkə iqtisadiyyatına pandemiyanın təsirinin minimallaşdırılması istiqamətində verilən mühüm qərarlar, ən əsası, bir çox ölkələrdən fərqli olaraq, pandemiyanın yarada biləcək mənfi təsirlərini görərək, hadisələri qabaqlayır.

Pandemiya dünya ölkələrinin iqtisadiyyatına və şirkətlərin maliyyə vəziyyətinə çox ciddi mənfi təsir etməkdədir. Belə bir şəraitdə bir sıra qabaqcıl ölkələrdə olduğu kimi, respublikamızda da iqtisadi artıma və sahibkarlığa dəstək, o cümlədən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, bu sahibkarlıq subyektlərinə vergi tətillərinin verilməsi kimi vacib addımlar atılıb. Dövlət proqramları çərçivəsində sahibkarlara dövlət dəstəyi pandemiyanın təsirindən irəli gələn iqtisadi gərginliyin qarşısını alaraq, iqtisadi aktivliyin qorunmasına töhfə verir.

Dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanır. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə də öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev pandemiya dövründə sahibkar məsuliyyəti ilə bağlı danışarkən bildirib ki, sahibkar şəffaf işləməlidir: “Bu gün elə bir vəziyyət yaranıb ki, hər hansı rəsmi müqavilə ilə işləyən işçi və ya VÖEN-lə işləyən fiziki şəxs, o cümlədən mülki müqavilə əsasında işləyən şəxs icaze.e-gov.az saytında qeydiyyatdan keçməklə karantin dövründə iş yerinə getmək imkanı qazanır. Halbuki belə dövrdə digər qeyri-rəsmi işləyən şəxslər bu fürsətdən istifadə edə bilmirlər. Bu da onu göstərir ki, rəsmi çalışmaq, şəffaf fəaliyyət göstərmək müəssisənin normal fəaliyyətinə kömək etmək yanaşı, həmçinin dövlət tərəfindən dəstək almaq imkanlarını genişləndirir. Bu gün qeyri-rəsmi işləyən və şəffaf fəaliyyətdən qaçan müəssisə rəhbərləri adi icazədən məhrumdurlar”.

R.Atakişiyevin sözlərinə görə, bütün bunlar sahibkarlar qarşısında bir sıra vəzifələr qoyur:

“Birinci yerdə fəaliyyətin şəffaflaşdırılması, işçilərlə şəffaf, tərəfdaşlarla xidməti müqavilə bağlamaq və istənilən müəssisənin fəaliyyətə cəlb olunan şəxslərlə rəsmi hər hansı müqavilələrin bağlanılması durur. Bu da imkan verir ki, həmin sahibkarlıq subyektləri dövlətdən yardım ala bilsinlər.

Sahibkarlar qarşısında duran ikinci vəzifə ondan ibarətdir ki, pandemiya dövründə onlar öz sosial məsuliyyətlərini dərk edib, daha intizamlı işləməli, həmçinin dövlətlə tərəfdaş qismində çıxış etməlidirlər. Belə bir vəziyyətdə pandemiyanın zərərlərinə minimum dərəcədə məruz qalan və fəaliyyətlərini davam etdirən sahibkarlıq subyektləri maksimum çalışmalıdırlar ki, işçi ixtisarına gedilməsin, işçiləri öz hesablarına məzuniyyətə göndərməsinlər. Bu da dolayısı yolla imkan verir ki, insanların rifah halına pandemiya şəraitində dövlətlə yanaşı, öz dəstəyini göstərir”.

İqtisadçı ekspert başqa bir məsələnin sahibkarlıq subyektlərinin koronavirus pandemiyası dövründə vəzifələrindən birinin müəssisə daxilində, öz işçilərinin xəstəlikdən qorunması üçün maksimum tədbirlərin görülməsi olduğunu bildirdi. Əhatə dairəsinə düşən bütün şəxsləri, həm xidmət göstərən işçiləri, həm də əməkdaşları qorumaq üçün müəssisədaxili ara məsafəsinin gözlənilməsi ilə bağlı tədbirlər görülməli - dezinfeksiya işləri həyata keçirilməli, işçilərin müəssisəyə daxil olarkən bütün dezinfeksiya prosedurlarına riayət edilməsinə və qoruyucu maskalardan istifadə edilməsinə nəzarət edilməlidir. Bu məsələlər ön planda olmalıdır.

R.Atakişiyev qeyd edib ki, sahibkarın digər bir öhdəliyi isə işçilərin növbəli qrafik əsasında işə gəlməsi məsələsidir: “İşçilərin hər hansının səhhətində müəyyən narahatlıq doğuran simptomlar aşkarlanarsa, ev şəraitində müalicə olunmasına və yaxud stasionar müalicəyə götürülməsinə kömək edilməlidir. Əslində, bu gün sahibkarlıq subyektləri dövlətin belə bir ağır günündə problemin həll olunmasında ən əsas aparıcı mövqedə dayanır”. 

.