Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına gəlib.

APA-ın Moskva müxbiri xəbər verir ki, inzibati binanın qarşısında Milli Məclisin sədrini Federasiya Şurasının sədri Valentina Matviyenko qarşılayıb.

Nümayəndə heyəti burada Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasiminə qatılıb. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Milli Məclisin deputatları, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin yüksək səviyyədə təşkilinə görə Federasiya Şurasının sədri Valentina Matviyenkoya təşəkkür edərək, Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə - adını ölkəmizin tarixinə əbədi həkk etmiş, ömrünü Azərbaycan xalqının rifahına xidmətə fəda etmiş dahi insanla bağlı olduğunu qeyd edib.

Milli Məclisin sədri qeyd edib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü kimi ölkə miqyaslı bir sıra infrastruktur layihələrinin həyata keçirilməsində Heydər Əliyevin böyük rolu olub. Sahibə Qafarova onlar arasında Baykal-Amur magistralının inşasını xüsusi vurğulayaraq, həmçinin onun keçmiş SSRİ-nin beynəlxalq əlaqələrinin genişləndirilməsində və möhkəmləndirilməsində də Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd edib.

Sahibə Qafarova dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçılarımız İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdə olduğunu vurğulayıb.

Milli Məclisin sədri 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə müharibəyə son qoyan Üçtərəfli Bəyanatın imzalanmasında Prezident Vladimir Putinin səylərini və Rusiyanın rolunu xüsusi qeyd edib.

Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixi ədaləti bərpa edəcəyinə, Cənubi Qafqaz regionunda yaşayan bütün insanlara sülh və firavanlıq gətirəcəyinə heç vaxt şübhə etmədiyini bildirib. Çünki silahlı münaqişələrə son qoyulması, onların dövlətlərarası münasibətlər sistemindən kənarlaşdırılması bütün xalqların maraqlarına xidmət edir. Sahibə Qafarova vurğulayıb ki, torpaqlarımıza - Şuşaya, Laçına, Kəlbəcərə, Cəbrayıla qayıdacağımızı deyən Heydər Əliyevin tarixi proqnozu bu gün artıq gerçəkləşib və hazırda işğaldan azad edilmiş ərazilərdə dinc həyata qayıtmaq üçün sürətli bərpa işləri aparılır, genişmiqyaslı infrastruktur layihələri icra edilir.

Sonda Spiker Sahibə Qafarova Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Heydər Əliyev Fonduna bir daha öz minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində uşaqlar çıxış edərək Azərbaycan və rus dillərində Ulu Öndər Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarovanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə təkbətək görüşü olub.

.