Sabirabad rayon Şəhriyar kənd tam orta məktəbinə Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən verilən rəy birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı video paylaşılıb.

Belə ki, rəydə məktəbin qəzalı vəziyyətdə olmadığı, lakin əsaslı təmirə ehtiyacı olduğu qeyd edilib.

Nazirliyə müraciət edən kənd sakini Rauf Həsənov APA-ya açıqlamasında qeyd edib ki, məktəb tədris üçün yaramır, lakin buna baxmayaraq uzun illərdir nə təmir edilir, nə də yeni bina tikilir.

"Bununla bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə cavab göndərirlər ki, müraciətinizə baxıldı. Problem həll olunacaq" - deyə o qeyd edib.

Mil-Muğan Regional Təhsil İdarəsindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məktəb binası birtipli layihə əsasında 624 şagird yerlik olmaqla 1979-cu ildə inşa edilib. Hazırda məktəbdə təhsil alan 621 şagirdin təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur və 16 texniki işçi fəaliyyət göstərir:

“Məktəbin ümumi ərazisi 2,6 ha-dır. Məktəb binası uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən tam yararsız vəziyyətə düşüb. Sabirabad rayonu, Şəhriyar kəndində yeni birtipli layihə əsasında 624 şagird yerlik tam orta məktəb binasının yenidən tikintisi məqsədəuyğun hesab olunub. Göstərilən məsələyə növbəti illərin Dövlət İnvestisiya Proqramları çərçivəsində baxılacaq".

 

.