1968-ci ildə çəkilən "Romeo və Cülyetta" filminin aktyorları filmdəki açıq-saçıq və intim səhnələrə görə, məsul şirkəti - "Paramount"u məhkəməyə veriblər.

"Qazeta.ru"ya istinadən xəbər verir ki, aktyorlar Leonard Uaytinq (filmdə Romeo) və Oliviya Hussi (filmdə Cülyetta) film çəkilən zaman 16 və 15 yaşlarında olublar. Filmin rejissoru sözügedən səhnələrin olmayacağına dair söz versə də, sonradan aktyorları o cür səhlərə çəkilməyə məcbur edib. Nəticədə, aktyorlar həmin səhnələrin onları sarsıtdığını və gələcək karyeralarına təsir etdiyini vurğulayıblar. Həmçinin cinsi istismara görə, onlar 500 milyon dollar tələb etdiklərini də qeyd ediblər.

Qeyd edək ki, 1968-ci ildə dünyanın ən böyük film şirkətlərindən biri olan "Paramount Pictures"də lentə alınan filmin rejissoru Franko Zeffirellidir. İtaliyalı rejissor iki dəfə "Oskar" mükafatına namizəd olub. Həmçinin o, bir dəfə BAFTA, beş dəfə "David di Donatello", iki dəfə isə "Emmi" mükafatlarına layiq görülüb. Rejissor 2019-cu ildə uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.

.