Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun və hospitalın digər əməkdaşı Hüseyn Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilib.

Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev isə 1 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham olunan şəxslər Dövlət Təhlükəsizliyi Xidməti( DTX) tərəfindən həbs olunublar.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

.