Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları Potu kəndi ərazisində yerləşən “Bizim bağ” restoranında təşkil edilən toy mərasimi barədə məlumatların portalda qeydiyyatdan keçirilmədiyi müəyyən edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejiminin qayda və tələblərini pozan obyektin sahibi Şamil Novruzov 4 min manat, toy sahibi Rövşən Qasımov isə 200 manat məbləğində cərimələnib.

Rayonun Üngütlü kəndində Rəşid Eyvazova məxsus fərdi yaşayış evində keçirilən toy mərasimində isə qonaqların sayının 50 nəfərdən artıq olduğu aşkarlanıb və ev sahibi barəsində qanunamüvafiq tədbir görülüb.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan iki toy mərasimi zamanı karantin rejiminin qayda və tələblərinin pozulması halları müəyyən edilib.

Belə ki, “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.

Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunublar.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə rayonunun Zümürxan kəndində yerləşən fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Bundan başqa polis əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə rayonun İmamqulubəyli kəndi ərazisində karantin qaydalarının tələblərinə zidd olaraq yas mərasimi təşki edildiyi də müəyyən edilib.

Qayda pozuntularına yol verən iki nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Təzə Şilyan, Küçəkənd, Qulabənd, Qaracallı və Lək kəndlərində yerləşən altı fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barəsində inzibati qaydada tədbirlər görülüb.

.