Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri!

İcazə verin, Azərbaycanın möhtərəm Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.

Dahi Heydər Əliyev bütün mənalı həyatını sevdiyi ölkəsinə həsr etmiş və milli dövlətçiliyin əsasını qoymuş görkəmli siyasi xadim idi. İndi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır və öz Ümummilli Liderinin xatirəsini ehtiramla yad edir.

Bu xoş fürsətdən istifadə edib, Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolunu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaqdır. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik.

Bu əlamətdar yubiley münasibətilə mən Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımı bildirir, qardaş Azərbaycan xalqına ən xoş arzularımı və səmimi salamlarımı çatdırıram".

.