Artıq 30 ilə yaxındır Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın öz potensialını beynəlxalq investorlara təqdim etməsinə yardım edir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib.

“1994-cü il sadəcə ilk neft və qaz sərgisinin keçirildiyi il deyildi, eyni zamanda, ölkəmizdə vəziyyəti tamamilə dəyişən, investisiyaları cəlb edən, iqtisadi sabitlik gətirən və Azərbaycanın daha firavan gələcəyinə aparan “Əsrin müqaviləsi”nin imzalandığı il idi. 1994-cü il Birinci Qarabağ müharibəsinin atəşkəs müqaviləsinin imzalanması ilə başa çatdığı il idi və sadəcə 2-3 ay sonra “Əsrin müqaviləsi” imzalandı. Azərbaycan çox riskli yer sayılırdı. O, müstəqilliyini yenicə qazanmışdı, müstəqillik yaşı 3 ildən az idi, dünyada elə də çox adam bizim ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkə sovet sistemindən bazar iqtisadiyyatına keçid mərhələsində idi.

Həmçinin ərazilərimizin işğalı və 1 milyon qaçqın və məcburi köçkün, vətəndaş müharibəsi – bütün bunlar əlbəttə, gəlib bizə sərmayə yatırılması üçün faydalı deyildi. Beləliklə, tərəfdaşlarımızı inandırmaq çox zəhmət tələb edirdi. Onlardan BP kimi bəziləri təxminən 30 ildir tərəfdaşımızdır”, - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev əlavə edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkənin iqtisadi müstəqilliyinə və nəticədə siyasi müstəqilliyinə aparan yeganə addım olub. “Bizim ixrac kəmərlərimiz yox idi. Bizim hər hansı infrastrukturumuz yox idi. Hətta mülki infrastruktur da tamamilə köhnəlmişdi. Bu şərtlər daxilində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması uğur, dayanıqlı inkişaf, iqtisadi müstəqillik və nəticədə siyasi müstəqillik gətirə biləcək yeganə addım idi. Beləliklə ki, 1994-cü ildə Xəzər Neft və Qaz Sərgisi Azərbaycanı dünyanın enerji ictimaiyyətinə təqdim edən ilk tədbir idi”.

.