Litva ilə Azərbaycanın biznes ictimaiyyətinin nəqliyyat və logistika sahəsində əməkdaşlığı üçün geniş fürsətlər var.

Bu barədə mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan nəqliyyat sektoruna sadəcə tranzit gəlirləri kimi baxmır, bu sahə eyni zamanda, dəhliz üzərindəki kiçik və orta sahibkarlıq müəssisələri üçün, biznes xidmətləri üçün fürsətdir.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün Litva və Azərbaycan regionda vacib nəqliyyat hablarıdır.

Azərbaycan Prezidenti əlavə edib ki, Avropanın enerji xəritəsini əsasən, Azərbaycanın təşəbbüsləri, neft və qaz kəməri layihələri dəyişib və bu halın nəqliyyat sahəsində həyata keçirilən layihələrlə təkrarlanması mümkündür.

Prezident vurğulayıb ki, Azərbaycan nəqliyyat imkanlarının gücləndirilməsi məqsədilə Xəzərin liman infrastrukturuna investisiyalar yatırır, yüklərin daşınması üçün yeni bərələrin inşasına sərmayə yönəldir. Dövlət başçısı biznes ictimaiyyəti bu fürsətlərdən yararlanmağa çağırıb.

.