“Döyüş əməliyyatları dayandırıldıqdan sonra bizdə olan məlumata görə, noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi. Hansı ki, biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, döyüş əməliyyatları bitdikdən sonra biz aşkarladıq ki, erməni silahlı birləşmələri bəzi ərazilərdə qalmaqdadır: “Bizə əvvəl elə məlumat verdilər ki, onlar sadəcə yollarını azıblar, mühasirədən çıxa bilməyiblər. Müəyyən müddət sülhməramlı missiya ilə birgə Azərbaycan hərbçiləri bunların azmış əsgərlər olduğunu düşünərək, onlara kömək etməyə cəhd göstərdilər, onları geri qaytarılması üzrə işlər apardılar. Amma sonra biz aşkarladıq ki, bunlar diversiya qrupudur və orada həm hərbçilərə, həm də dinc əhaliyə, vətəndaşlara hücumlar edirlər. Nəticədə 4 nəfər bizim hərbçilərimiz arasında şəhid oldu və dinc əhali arasında da 1 nəfər həlak oldu. Bu, mobil operatorun nümayəndəsi idi. Hansı ki, Şuşa şəhərinə gedirdi və mühasirəyə düşdü, bir neçə nəfər yaralandı. Təbii ki, biz əks-terror əməliyyatı keçirdik və nəticədə bir neçə terrorçu məhv edildi, 60-dan çox terrorçu bizim tərəfimizdən tutuldu. Və onları indi hərbi əsir adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır. Ermənistan və digər ölkələr tərəfindən istənilən spekulyasiyalar yersizdir”.

Azərbaycan Prezidenti: “Ermənistan tərəfinə minlərlə cəsəd verilib”

“Biz zəmanət verə bilmərik ki, digər diversiya qrupları ora daxil olmağa cəhd etməyəcək. Biz həmin ərazilərin təhlükəsizliyini təmin edirik, mütəmadi reydlər keçiririk, ərazilərdə monitorinqlər aparırıq. Həm pilotsuz uçuş aparatları həm də digər vasitəsilə bunu edirik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, əsas çətinlik ərazilərin minalardan təmizlənməsidir: “Çünki Ermənistan tərəfi bizə minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Bu da cinayət hesab oluna bilər. Çünki hərbi əməliyyatlar bitəndən sonra artıq bir neçə hal olub ki, həm hərbçilərimiz, həm də dinc əhali o ərazilərdə həlak olub. Çünki bizə o ərazilərin, mina sahələrinin xəritələri təqdim edilməyib. Biz əlimizdə olan vasitələrlə tam sürətlə minalardan təmizlənməni təbii ki, həyata keçirə bilmirik. Biz Ermənistan tərəfinin qeyri-səmimi davranışlarını görürük. Çünki onlar bir şeyi deyirlər, digər şeyi edirlər. Biz onlara həlak olan hərbçilərinin cəsədlərini vermişik. Ermənistan tərəfinin minlərlə cəsədi sülhməramlılarla birgə işğalda azad olunmuş ərazilərdə tapılıb və Ermənistan tərəfinə verilib. Biz özümüzü mənəviyyat və insaniyyət prinsipləri əsasında aparırıq. Lakin minalanmış ərazilərin xəritələrini verməmək və insanları bilərəkdən bu təhlükəyə atmaq təbii ki, hansısa əməkdaşlığı şübhə altına qoyur. Çünki əməkdaşlıq birtərəfli ola bilməz”.

.