Transxəzərlə bağlı uzun illər müzakirələr gedir, amma hələ ki, heç bir nəticə yoxdur. Transxəzər kəmərinin ümumi ötürmə qabiliyyəti 30 milyard kubmetr qaza hesablanıb. 
Burada bu layihənin icrası üçün bir neçə əsas məsələ var, onlardan biri bu layihəni kimin maliyyələşdirəcəyidir.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Transxəzər qaz kəməri ilə bağlı Azərbaycanın mövqeyinə dair sualı cavablandırarkən bildirib.

“Transxəzər layihəsi ilə bağlı hələ ki, aydınlıq yoxdur. Yəni, kim bu layihəni irəliyə aparacaq, bunun maliyyə tutumu nədən ibarət olacaq. Bunu hesablamaq üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Bunu hazırlamaq üçün gərək şirkətlər cəlb edilsin. Yəni, bu, bir gündə, bir il ərzində həll olunan məsələlər deyil. Əgər bu gün bu layihəyə start verilsə, bir neçə il ərzində, sadəcə olaraq, araşdırmalar aparılmalıdır - geoloji araşdırmalar, ekoloji araşdırmalar, texniki imkanlar, maliyyə tutumu - bütün bunlar açıq suallardır. Mən hesab edirəm ki, bu suallara cavab vermədən Transxəzər layihəsi haqqında danışmaq yersizdir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident deyib: “Biz ölkə olaraq həmişə bu layihəni dəstəkləmişik və mən bunu bir neçə dəfə açıq bəyan etmişəm ki, bəli, əgər bizə müraciət olarsa, biz öz imkanlarımızı təqdim etməyə, mövcud infrastrukturumuzu və digər lazımi məsələləri həll etməyə hazırıq. Amma biz bu layihənin təşəbbüskarı ola bilmərik, çünki bu, bizim qazımız deyil”.

Prezident: Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana qazla bağlı 10-dan çox ölkə müraciət edib

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik.

Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

“Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz. Əlbəttə, bizim həm iqtisadi, həm siyasi önəmimiz artır və əgər Avropanı qidalandıran qaz kəmərlərinə baxsaq görərik ki, onların sayı o qədər də çox deyil. Yəni, mövcud təchizatçılar, sadəcə olaraq, qaz hasilatını artırırlar, çünki Avropada böyük tələbat var. Yeni təchizatçılar arasında isə Azərbaycan təkdir”, - dövlət başçısı deyib.

Avropa İttifaqı ilə təkcə energetika sahəsində yox, bütün sahələrdə çox fəal əməkdaşlığımızın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, diqqət Azərbaycan üzərinə yönəldilir: “Əlbəttə, biz öz məsuliyyətimizi də dərk edirik və çalışırıq ki, yeni tərəfdaşlar üçün də etibarlı tərəfdaş olaq”.


 

.