İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dünyada yüksək qiymət artımının və inflyasiyanın Azərbaycana təsirinin azaldılması istiqamətində atılan addımlarla bağlı sualı cavablandırarkən bildirib.

Azərbaycandakı inflyasiyanın idxal edilmiş inflyasiya adlandıran dövlət başçısı deyib: “Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.

Azərbaycan Prezidenti: Keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə - 134 milyard manata çatıb

Biz bütün işləri öz hesabımıza edirik, müharibədən sonra heç kimdən yardım almamışıq. Sadəcə olaraq, iki ölkənin - Özbəkistanın və Qazaxıstanın prezidentləri Füzulidə iki məktəbin tikintisinə özləri təşəbbüs göstərmişlər. Bundan başqa biz heç bir yerdən bir manat yardım almamışıq.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Əlbəttə ki, həm də xarici ticarət artıb, 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir. Yəni, iqtisadiyyatla məşğul olanlar bilirlər ki, bu, nə deməkdir və eyni zamanda, bizim xarici borcumuz azalıb”, - dövlət başçısı vurğulayıb.

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb və minimum əməkhaqqı artıq 345 manata çatıb.

Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sosial rifah sahəsində atılan praktiki addımlardan danışarkən deyib.

“Bu, bizi qane edir? Əlbəttə ki, yox. Amma biz imkan daxilində öz addımlarımızı atırıq. Çünki bir daha demək istəyirəm, bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Bu iki əsas prioritet bizim üçün uzun illər prioritet kimi qalacaq”, - Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılıb, 280 manata çatıb və bu proses davam etdiriləcək. Bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olacağı gözlənilir

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılıb. Əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi və əlbəttə ki, bunun arxasında təmənna dayanırdı. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Ona görə bu sahədə çox geniş təftiş işi aparılıb.

Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Yəni, bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir və əlbəttə ki, il ərzində artacaq, o cümlədən orta aylıq əməkhaqqı da. Biz gözləyirik ki, bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq. Beləliklə, sosial sahədə bu addımları ataraq həm ehtiyacı olan insanlara arxa-dayaq oluruq, eyni zamanda, biz öz siyasətimizə sadiqliyimizi göstəririk”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev: Bu günədək 13 min şəhid ailəsi və müharibə əlili dövlət dəstəyindən faydalanıb

Ötən il şəhid ailələri və müharibə əlillərinə dəstək istiqamətində də önəmli addımlar atılıb. Bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verilib, 2021-ci ildə isə 3 min mənzil verilmişdi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək.

Bu rəqəmləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib.

Bu günə qədər 13 min ailənin bu imkanlardan faydalandığını diqqətə çatdıran dövlət başçısı deyib: “Bu da müharibə yaşamış ölkələr arasında, belə demək mümkündürsə, bir bizim yeniliyimizdir. Çünki bir çox ölkələrdə belə praktika yoxdur. Biz bunu nə üçün edirik? Çünki bu, o ailələr qarşısında bizim mənəvi borcumuzdur və bu borcu imkan daxilində yerinə yetirməyə çalışırıq”.


 

.