Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”, - dövlət başçısı bildirib.

Prezident İlham Əliyev: Təbii qaz ixracımız artmaqda davam edəcək

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur.

Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident: Xəzərin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur

Quruda 27 qiqavatlıq, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Ümumilikdə 200 qiqavata yaxın potensialın olduğunu söyləyən dövlət başçısı qeyd edib ki, bizə kifayət qədər ixrac marşrutları lazımdır. Təbii ki, biz bütün həmin layihələri mərhələli şəkildə icra edirik.

.