Polşa Prezidenti Andjey Duda bazar günü ölkədə keçirilən Prezident seçkilərində topladığı səs üstünlüyünü əhəmiyyətli hesab edib.

TASS xəbər verir ki, A.Duda bunu exit-pollar tərəfindən ilkin nəticələrin  açıqlanmasından sonra seçicilərilə görüşü zamanı deyib.

O, seçicilərinə minnətdarlığını ifadə edərək, üstünlüyünün böyük olduğunu vurğulayıb: 

"Seçki məntəqələrinə gəldiyinizə, hansı rəqibə səs verməyinizdən asılı olmayaraq, seçkidə iştirak etdiyinizə görə təşəkkür edirəm". 

Qeyd edək ki, məntəqələrdə seçki başa çatdıqdan dərhal sonra Polşa televiziyası tərəfindən açıqlanan ilkin nəticələrə görə, Duda 41,8% səs toplayıb. Onun əsas rəqibi, Polşanın ən böyük müxalifət partiyasını - “Vətəndaş Platforması”nı təmsil edən Varşava meri Rafal Tşaskovski isə 30,4% səs toplayıbr. 

Beləliklə, namizədlərdən heç biri qələbə üçün lazım olan səsi qazanmayıb və onlar seçkinin iyulun 12-də keçiriləcək ikinci turunda mübarizəni davam etdirəcəklər.

.