Gözəllik salonuna yollanan İsrailin Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu çətin anlar yaşayıb.

Hadisə son zamanlar ölkənin müxtəlif hissələrində keçirilən genişmiqyaslı etiraz aksiyaları fonunda baş verib.

Belə ki, Sara Netanyahunun Tel-Əvivdə gözəllik salonuna getdiyini öyrənən etirazçılar da oraya yollanıb. Aksiya iştirakçıları burada avtomobilin yolunu kəsib və salondan çıxışları bağlayıblar. Eyni zamanda etirazçılar hökumət əleyhinə şüarlar da səsləndiriblər.

Baş nazirin həyat yoldaşını salondan çıxarmağa yardım etmək üçün isə hadisə yerinə polis əməkdaşları cəlb olunub. Polislər bir neçə saat ərzində etirazçıları geri çəkməyə çalışıb. Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb və bir neçə aksiya iştirakçısı saxlanılıb. S.Netanyahu uzun müddət sonra salonu tərk edə bilib. 

B.Netanyahunun özü isə etirazçıların bu davranışını utancverici adlandırıb.

Qeyd edək ki, İsraildə Netanyahunun Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz edirlər.

 

.