Ukraynaya 150 ədəd Almaniya istehsalı “Leopard” tankı tədarük etmək barədə 9 ölkə öhdəlik götürüb.

Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramşteyn formatı”nın onlayn keçirilən onuncu iclası zamanı deyib.

Ostin həmçinin qeyd edib ki, Kiyevə hava hücumundan müdafiə (HHM) sistemləri verən ölkələrin sayı da artmaqda davam edir.

Onun sözlərinə görə, “Leopard” tankları göndərən ölkələrin koalisiyası böyüməkdə davam edir.

“Biz hazırda Ukraynanın azadlıq mübarizəsinin həlledici məqamındayıq. Hamımız davamlı olaraq qətiyyət və birlik nümayiş etdirməliyik. Bu da öz növbəsində üzərimizə düşən öhdəliklərin tam miqyasda və ən qısa müddətdə yerinə yetirilməsi deməkdir” – deyə Pentaqon rəhbəri vurğulayıb.

Ostin həmçinin Ukraynaya göndərilən döyüş sursatlarının və HHM sistemlərinin həcminin artırılmasına, xüsusən sursatların və sistemlərin sənaye istehsalı üçün innovativ həllərin hazırlanmasına çağırış edib.

Pentaqon rəsmisinin məlumatına görə, Rusiya Ukraynada müharibəyə başlayandan indiyə qədər ABŞ Ukraynaya hərbi yardım etmək üçün 32 milyard dollardan çox vəsait ayırıb.

.