Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 27 655 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 109 052 fərdi (mikro) sahibkar, cəmi 136 707 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 255 561 işçini əhatə edən 27 655 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,05 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,02 mln. manat təşkil edir. Mayın 19-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 22 827 vergi ödəyicisinə 200 040 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 70,29 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 109 052 vergi ödəyicisindən müraciət daxil olub, 101 424 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 58,81 mln. manat təşkil edir. Mayın 19-na Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 56,51 mln. manat vəsaitin 96 611 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, mayın 19-na pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 126 815,6‬ min manat məbləğində maliyyə dəstəyi göstərilib.

.