“May ayının 30-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana etdiyi səfər ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Azərbaycan və İsrail Prezidentlərinin görüşündən sonra mətbuata bəyanatla etdiyi çıxışında möhtərəm dövlət başçımız cənab İlham Əliyev yəhudi icmasının Azərbaycanda əsrlər boyu yaşadığını, bunun bizim ölkənin böyük dəyəri olduğunu, Azərbaycan vətəndaşları olaraq yəhudi icmasının üzvlərinin ölkəmizin müasir inkişafına hər zaman mühüm töhfə verən insanlar olduqlarını xüsusi qeyd etmişdir. Bu gün ölkəmizdə yəhudilər əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunublar. Bunun bariz nümunələrindən biri kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə 2010-2011-ci illər ərzində tikilərək Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının istifadəsinə verilmiş yeni sinaqoqu göstərmək olar. Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır. Qeyd olunmalıdır ki, bu gün Azərbaycanda yəhudi icmaları ictimai həyatda fəal iştirak edirlər. Birmənalı olaraq deyə bilərik ki, bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu dostluq və həmrəyliyin ən vacib göstəricilərindən biri də budur ki, cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə, çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar. Bir sözlə, Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. ”

Bu sözləri AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat Azərbaycan ilə İsrail arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə qurulduğunu və bu əlaqələrin daha da genişləndirilməsi üçün bir çox imkanların olduğunu qeyd edərək bunları deyib: “Məlum olduğu kimi, İsrail Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ötən illər ərzində ölkələrimiz arasında yəhudi və Azərbaycan xalqlarının səmimi dostluğuna əsaslanan möhkəm münasibətlər qurulub. Bir məqamı da qeyd edək ki, hələ 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycana qısamüddətli səfər etmiş və o zaman ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyevlə görüşmüşdü. Həmin görüdə Ümummilli Liderimiz ATƏT-in Lissabon zirvə toplantısında Natenyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirmişdi. Həmçinin sonrakı illərdə Azərbaycan-İsrail münasibətlərindəki səmimiyyəti qiymətləndirmək üçün daha bir neçə faktı xatırlamaq olar. Belə ki, 2010-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkənin beynəlxalq hava limanlarında viza verilməsini qadağan edən fərman imzaladığı zaman, İsrail və Türkiyə vətəndaşları bu yeni qanundan təsirlənməyən yeganə iki ölkə oldu. 2016-cı ildə İsrail Müdafiə naziri Aprel döyüşlərində Azərbaycanı dəstəkləmiş və bunu “tamamilə haqlı” adlandırdırmışdır. 2017-ci ilin aprelində iki ölkə arasında ikiqat vergitutma ləğv edilmişdir.”

Sonda N.Aslanov Azərbaycan-İsrail münasibətlərinin bundan sonra da hər iki ölkənin milli maraqlarına uyğun inkişaf etməsi üçün möhkəm zəmin olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, bu il İsraildə Azərbaycan səfirliyinin açılması faktı mövcud əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün yeni, daha geniş imkanlar yaradacaq. Qeyd edə bilərik ki, ölkələrimiz arasında artıq uzun illərdən bəri enerji və müdafiə sənayəsi kimi sahələrdə davam edən əməkdaşlıq Azərbycan-İsrail əlaqələrinin məhz strateji xarakter kəsb etdiyini deməyə əsas verir. Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq uzun illərdir ki, İsrailin etibarlı xam neft təchizatçısı kimi çıxış edir və bu da ölkələrimiz arasında məhz enerji sahəsində daha sıx əməkdaşlıq olduğunu göstərir. Həmçinin Azərbaycanın uzun illərdir ki, müdafiə sənayesi sahəsində İsrailin müasir texnologiyalarına çıxışı var. Bu isə ölkəmizə özünün müdafiə qabiliyyətini müasirləşdirməyə və gücləndirməyə kömək edir. Yeni strateji əməkdaşlıq sahələrindən biri kimi də artıq kibertəhlükəsizlik sahəsini göstərmək olar. Bu sahədə də artıq fəal təmaslara başlanılıb. Həmçinin öz çıxışında dövlət başçısı ticarət dövriyyəsini şaxələndirməyin və onun enerji amilindən asılılığının azaldılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı. Bu məqsədlə perspektiv əməkdaşlıq istiqamətlərindən biri kimi, irriqasiya və kənd təsərrüfatı sahələri qeyd olundu və bu istiqamətlər üzrə birgə layihələrin reallaşdırılacağı bildirildi. Sonda bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan ilə İsrail arasında uzun illərdən bəri səmərəli əməkdaşlığın davam etdirildiyi sahələrdən biri də səhiyyə sahəsidir. Bu baxımdan birmənalı olaraq deyə bilərik ki, 30 may tarixində Azərbaycan Prezidenti cənab İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə imzalanmış “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” bu sahədə əməkdaşlıq əlaqələrinin inkişafına yeni, güclü təkan verəcək”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.

.