"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması yeni növ koronavirus pandemiyası nəticəsində azalmış tələbat şəraitində bazardan gündəlik 9 mln. barelə yaxın neftin dövriyyədən çıxarılmasına imkan verib.

"Reuters" verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib. 

Qeyd edək ki, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək  uzadılması barədə qərar qəbul olunub.

A. Novakın sözlərinə görə, avqust ayı üçün müəyyən proqnozlar vermək hələ ki, tezdir, razılaşmanın uzadılması məsələsi bazarın bərpa olunmasının sürətindən asılı olacaq.

Xatırladaq ki, iclasda əldə edilən razılığa əsasən, Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084  mln. barel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barel azaldacaq. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını iyun ayında əlavə olaraq, təxminən, 1,2 mln. barel  həcmində ixtisar edəcəklər. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

.