Baş Prokurorluq Bakıda 18 il əvvəl baş verən nənə və nəvənin qətli barədə daha bir məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyən edilib.

Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb edilib. Belə ki, aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları - 1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ keçirmək məqsədi ilə sonuncuya məxsus mənzilə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

.